...

Azərbaycanda son 5 ildə avtomobillərin sayı 1,6 dəfə artıb - BDYPİ

Siyasət Materials 19 İyun 2010 11:39 (UTC +04:00)
Trend-in məlumatına görə, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vahid Əliyev "Respublika" qəzetinə verdiyi açıqlamasında bildirib ki, avtomobillərin 60-65 faizi Bakıda istismar edilir.
Azərbaycanda son 5 ildə avtomobillərin sayı 1,6 dəfə artıb - BDYPİ

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda son 5 ildə avtomobillərin sayı 1,6 dəfə artıb.

Trend-in məlumatına görə, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vahid Əliyev "Respublika" qəzetinə verdiyi açıqlamasında bildirib ki, avtomobillərin 60-65 faizi Bakıda istismar edilir.

Şöbə rəisi deyib ki, ölkəmizin avtomobil parkının əsas tərkib hissəsinin 60 faizini potsovet və indiki MDB-yə üzv ölkələrdə istehsal olunmuş nəqliyyat vasitələri təşkil edir.

DYP orqanlarında 930 mindən artıq müxtəlif kateqoriyalı avtonəqliyyat vasitələrinin qeydiyyatda olduğunu deyən şöbə rəisi bildirib ki, 2008-ci ildə Azərbaycanda avtomobil nəqliyyatından atmosferə 642,4 min ton çirkləndirici maddələr atılıb ki, bunun da 70 faizi Bakıda istismar olunan avtomobillərin payına düşür.

Onun sözlərinə görə, qeydiyyatda olan avtomobillərin istismar yaşı 5 ilədək olanları 194 mindən çox, 5 ildən 10 ilədək olanları 239 mindən çox, 10 ildən yuxarı olanlar isə 492 mindən artıqdır.

Əliyev ekoloji problemlərin həlli və hərəkətin təhlükəsizliyi istiqamətində bir sıra tədbirlərin görülməsini vacib sayır.

"Ölkəyə idxal olunan avtomobillərin konstruksiyasının, avtomobil hissələrinin və mühərriklərin "Avro-3" və daha yüksək Avropa normalarının tələblərinə uyğunluğu barədə sertifikatın olması, respublikaya idxal olunan bu standartlara uyğunluğu barədə sertifikatın olması, yol patrul xidməti avtomobillərinin qazanalizedici, DYP stasionar postlarının qazanalizedici və tüstüölçən cihazlarla təmin edilməsi, texniki cəhətdən köhnəlmiş, istismar müddətini başa vurmuş, təmir və bərpası mümkün olmayan nəqliyyat vasitələrinin utilizə edilmə qaydalarının hazırlanması və təsdiq edilməsi, zonalar üzrə müasir tələblərə cavab verən diaqnostik mərkəzlərin yaradılması, paytaxtda tıxacların aradan qaldırılması üçün "Hərəkətin avtomatik idarəetmə sistemi"nin quraşdırılması və intensivliyi yüksək olan bütün küçə kəsişmələrindəki texniki idarəetmə vasitələrinin iş rejiminin vahid mərkəzdən idarə olunması məqsədəmüvafiqdir", - Əliyev vurğulayıb.

Onun fikrincə, qeyd olunan problemlərin həlli məqsədilə bu məsələlər gələcəkdə hazırlanacaq vahid nəqliyyat strategiyası və nəqliyyat təhlükəsizliyi konsepsiyasında nəzərə alınmalıdır.

Xəbər lenti

Xəbər lenti