...

Azərbaycanın müxalif partiyası Müsavat rəhbərliyini nəzakətli olmağa çağırır

Siyasət Materials 22 İyun 2010 18:18 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Müsavat rəhbərliyinə müraciət ünvanlayıb.
Azərbaycanın müxalif partiyası Müsavat rəhbərliyini nəzakətli olmağa çağırır

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Müsavat rəhbərliyinə müraciət ünvanlayıb. Trend-in ADP-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, çərşənbə axşamı ADP sədrinin müavini Taliyət Əliyev Müsavat rəhbərliyinə etdiyi müraciətdə "Yeni Müsavat" qəzetində ADP sədri Sərdar Cəlaloğluya qarşı bəzi müsavatçılar tərəfindən çirkin kampaniyanın dayandırılmasını tələb edib.
"Müsavat partiyası funksionerlərinin digər müxalifət partiyası liderlərinin, o cümlədən ADP sədri Sərdar Cəlaloğlunun ünvanına mətbuat orqanlarında heç bir etik və əxlaq normalarına sığmayan təhqiramiz ifadələr işlətməsi acı təəssüf doğurur", - müraciətdə bildirilib.

Qeyd olunub ki, əgər sözün həqiqi mənasında Müsavat Partiyası Azərbaycanda azad, ədalətli və demokratik bir cəmiyyət qurmaqda maraqlıdırsa, onda ilk növbədə Müsavat Partiyası funksionerləri özləri bu ideyaları yaxından mənimsəməlidir.

"Müsavat Partiyasının hakimiyyətə gəlmək iddiası öz-özünü və zavallı Azərbaycan vətəndaşlarını aldatmaqdan başqa bir şey deyil. Bugünkü reallıq ondan ibarətdir ki, ölkədə olan siyasi güclərin heç biri təkbaşına iqtidara gəlmək potensialında deyil. Bu baş verəcəksə demokratik qüvvələrin birliyi ilə baş verəcək. Bu cür əxlaq və dünyagörüş və öz müttəfiqlərinə qarayaxma kampaniyası ilə isə heç 100 ildən sonra da Müsavat Partiyası Azərbaycanda qarşısına qoyduğu məqsədlərə nail ola bilməyəcək", - müraciətdə qeyd olunub.

Əliyev Müsavat rəhbərliyindən müraciətə tezliklə cavab verilməsini tələb edib. "Əgər doğrudan da bu çirkin kampaniyanın arxasında sizlər deyilsinizsə və doğrudan da sizlər ölkədə demokratik düşərgənin birliyində, ən azı bir müttəfiq kimi əməkdaşlıqda maraqlısınızsa bu kampaniyanı durdurun. Bu cür çirkin kampaniya davam edəcəksə, icazə verin inanaq ki, bu kampaniyanın arxasında duranlar məhz sizlərsiniz və bizim də danışmaq haqqımızı tanıyasınız", - Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti