...

Azərbaycan Prezidenti Lerik rayonuna gəlib (YENİLƏNİB)

Siyasət Materials 25 İyun 2010 16:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cənub bölgəsinə səfəri çərçivəsində cümə günü Lerik rayonuna gəlib.
Azərbaycan Prezidenti Lerik rayonuna gəlib (YENİLƏNİB)

Azərbaycan Prezidenti İlham Əliyev cənub bölgəsinə səfəri çərçivəsində cümə günü Lerik rayonuna gəlib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edildiyi rayonlardan biri də Lerikdir. 2010-cu ilin birinci rübündə 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı, adambaşına düşən gəlir xeyli artıb. Ümumi məhsul buraxılışının həcmində ötən ilə nisbətən 2,7 faiz, pərakəndə əmtəə dövriyyəsində 7,5 faiz, pullu xidmətdə 17,5 faiz, təmir-tikinti işlərində isə 11 faiz artım qeydə alınıb.

Rayonda kənd təsərrüfatı sahəsində də mühüm uğurlar əldə edilib. Əhalinin sosial şəraitinin daha da yaxşılaşdırılması üçün rayonda mühüm işlər görülüb, sahibkarlığa göstərilən diqqət nəticəsində yeni müəssisələr istifadəyə verilib, işsizlik xeyli azalıb. Lerik şəhərində yaşayan 1321 ailənin mənzilinə Prezident İlham Əliyevin göstərişi ilə 2007-ci ildə qaz xətti çəkilib. Bu bölgənin turizm üçün böyük potensiala malik olması da diqqətdən kənarda qalmayıb. Lənkəran-Lerik yolu boyunca yeni istirahət mərkəzləri inşa edilib.

Dövlətimizin başçısı əvvəlcə Heydər Əliyev meydanında ulu öndərin abidəsini ziyarət edib. Prezident İlham Əliyev Heydər Əliyev meydanında aparılmış tikinti işləri ilə tanış olub.

Məlumat verilib ki, 8200 kvadratmetr sahəni əhatə edən meydan yenidən qurulub, müasir oturacaqlar qoyulub, işıqlandırma sistemi quraşdırılıb. Burada 35 metrlik qüllə üzərində Azərbaycanın dövlət bayrağı dalğalanır.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Xəbər lenti

Xəbər lenti