Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın müxalif Milli-İstiqlal Partiyasının sədrliyinə iddialı olanlar öz potensialını, qabiliyyətlərini nəzərə almalıdır, - bunu bazar ertəsi Trend-ə partiyanın təbliğat və mətbuat katibi Əli Orucov deyib.
"Bunda əvvəl uğursuz sədr seçimi partiyaya zərər vurub. Partiyanın fəaliyyətinə, nüfuzuna xələl gətirib. Mən düşünürəm ki, hər kəs namizədliyini irəli sürməzdən öncə öz potensialını, qabiliyyətlərini nəzərə almalıdır", - Orucov əlavə edib.
İyulun 10-da "Avropa" otelində AMİP-in qurultayı keçiriləcək. Qurultayda partiya sədrliyinə seçkilər də keçiriləcək. Qurultayda 300 nəfər nümayəndə iştirak edəcək.
2003-cü il prezident seçkisindən sonra Etibar Məmmədov partiya sədrliyindən istefa verib. O dövrdən bəri Əli Əliyev və Ayaz Rüstəmov partiyanın sədri seçiliblər. Hazırda partiyada sədr vəzifəsi yeri boşdur.
Partiya sədrliyinə iddialı olan şəxslər hələ də rəsmi olaraq namizədliklərini irəli sürməyiblər. Bu fikirdə olanlar bunu açıqlasaydılar, yaxşı olardı. Cəmiyyət də, partiya üzvləri də onları tanıyardı və öz təbliğatlarını aparmağa imkanları olardı. Lakin hamı bu taktikanı seçib. Namizədliklərini, ola bilsin, qurultayın gedişində irəli sürsünlər.
AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.