...

Azərbaycanda korrupsiyaya qarşı mübarizədə müsbət nəticələr əldə edilib - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

Siyasət Materials 29 İyul 2010 11:17 (UTC +04:00)
Azərbaycanda korrupsiyaya qarşı mübarizədə müsbət nəticələr əldə edilib.
Azərbaycanda korrupsiyaya qarşı mübarizədə müsbət nəticələr əldə edilib - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda korrupsiyaya qarşı mübarizədə müsbət nəticələr əldə edilib. Trend-in respublika Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Baş Prokurorluğun Elm-Tədris Mərkəzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İstanbul Fəaliyyət Planının Azərbaycan üzrə dəyərləndirmə hesabatı haqqında dinləmələr zamanı OECD Katibliyinin antikorrupsiya məsələləri üzrə baş müşaviri Olqa Savran və təşkilatın eksperti Daniel Telesklaf bildiriblər.

Korrupsiya faktlarının araşdırılması və cinayət təqibi sahəsində səylərin gücləndirilməsi, mənafelərin toqquşduğu məsələlərin tənzimlənməsi tövsiyə edilib. Bütün bunlar İstanbul Fəaliyyət Planı çərçivəsində bu il martın 31-də qəbul edilmiş yeni hesabata daxil edilib.

Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları və QHT təmsilçiləri də iştirak ediblər.

Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycan OECD ilə artıq 2003-cü ildən əməkdaşlığa başlayıb. "Bu müddət ərzində Azərbaycan hökumətinə çox dəyərli tövsiyələr verilib. OECD və Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun tövsiyələri Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncam və fərmanlarda öz əksini tapıb, bu sahədə ardıcıl işlər həyata keçirilib", - Əliyev əlavə edib.

OECD-nin nümayəndələri antikorrupsiya tədbirlərinin daha səmərəli icra olunması məqsədi ilə İstanbul Fəaliyyət Planı Azərbaycanda bir sıra tədbirlər, o cümlədən, Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin imkanlarının gücləndirilməsi, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin milli antikorrupsiya səylərində daha yaxından iştirakın təmin edilməsi, şirkətlərin korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb olunmasına dair qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərin həyata keçirilməsini tövsiyə edib.

Hesabatda ölkəmizin korrupsiya ilə mübarizə sahəsində nail olduğu irəliləyişlər də öz əksini tapıb.

Milli Məclisin deputatı, Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvü Bəxtiyar Əliyev tədbirin çox böyük önəm daşıdığını, dəyərli təkliflər verildiyini söyləyib.

"Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində Dövlət Proqramı həyata keçirilib, mütərəqqi qanunvericilik bazası yaradılıb, beynəlxalq təşkilatlar və KİV-lə geniş əməkdaşlıq münasibətləri qurulub", - Əliyev diqqətə çatdırıb.

Məruzələr dinlənildikdən sonra, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti