...

Assosiasiya sazişi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını qarşısında məqsəd qoymur – Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri

Siyasət Materials 2 Avqust 2010 19:51 (UTC +04:00)
İqtisadiyyat sahəsində ikitərəfli razılaşmalar sülh və sabitliyin yaradılmasına xidmət etsə də, Avropa İttifaqı və Cənubi Qafqaz ölkələri arasında assosiasiya haqqında saziş münaqişələrin nizamlanması prosesinə müdaxiləni nəzərdə tutmur.
Assosiasiya sazişi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını qarşısında məqsəd qoymur – Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir Y.Ostapenko/

İqtisadiyyat sahəsində ikitərəfli razılaşmalar sülh və sabitliyin yaradılmasına xidmət etsə də, Avropa İttifaqı və Cənubi Qafqaz ölkələri arasında assosiasiya haqqında saziş münaqişələrin nizamlanması prosesinə müdaxiləni nəzərdə tutmur. Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Raul de Lüsenberqer belə hesab edir.

"Biz əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha fəal rol oynamağa səy göstəririk, çünki bu məsələnin sülh yolu ilə həll olmasını istəyirik. Bununla belə, assosiasiya haqqında saziş prosesə müdaxiləni qarşısında məqsəd qoymur", - "Armİnfo"ya müsahibəsində Lüsenberqer deyib.

İyulun ortalarında Aİ-nin üç Cənubi Qafqaz ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistan ilə assosiativ saziş barədə danışıqların ilk raundu keçirilib. Saziş ümumi dəyərlərin hazırlanması üzrə birgə öhdəliklərə əsaslanıb və siyasi dialoq, ədliyyə, azadlıq və təhlükəsizlik, eləcə də ticarət və əməkdaşlıq məsələləri kimi sahələrin geniş spektrini əhatə edir.

Avropa İttifaqı Dağlıq Qarabağ nizamlanması üzrə sülh danışıqlarına birbaşa cəlb edilməyib. Aİ ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Minsk qrupu çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh danışıqları 1994-cü ilin mayından - tərəflər atəşkəs rejiminə nail olan andan aparılır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Assosiasiya haqqında saziş Cənubi Qafqazın hər üç ölkəsi tərəfindən imzalanıb və Lüsenberqer bunu vacib sayır. Onun sözlərinə görə, Aİ hər üç ölkə ilə prosesi eyni vaxtda başa çatdırmağa səy göstərir.

"Lakin son nəticədə bu, ölkələrdən asılı olacaq. Praktiki olaraq danışıqlar prosesinin sürəti və onun çərçivələri tərəfdaş ölkələrin sazişdə göstərilən müddəaları yerinə yetirməyə hazır olmasından asılıdır", - o qeyd edib.

Lüsenberqer bildirib ki, assosiasiya haqqında saziş Ermənistanın (eləcə də digər Cənubi Qafqaz ölkəsinin) Avropa İttifaqına daxil olmasını qarşısına məqsəd qoymur. Onun sözlərinə görə, sazişin vəzifəsi münasibətləri intensivləşdirmək və Ermənistanın daxili bazarını açmaqdan ibarətdir.

"Ermənistanla gələcək inteqrasiya - Ermənistanın nəzəri cəhətdən Aİ-yə daxil olması prosesinə kömək edə biləcək işdir. Eyni zamanda, bu, sazişin vəzifəsi deyil. Aİ-nin Müqaviləsinin 42 saylı bəndinə əsasən, Ermənistan bir sıra beynəlxalq konvensiyalara qoşulub və Avropa Şurasına üzv ölkə kimi Aİ-yə üzvlüklə bağlı müraciət edə bilər. Assosiasiya haqqında saziş bu yolda maneçilik törətmir, lakin sənəd bu məqsəd üçün nəzərdə tutulmayıb", - diplomat əlavə edib.

Sazişin mühüm bəndi Avropa İttifaqı və Cənubi Qafqaz ölkələri arasında viza rejiminin sadələşdirilməsindən ibarətdir.

"Biz Ermənistanın geniş vətəndaş kateqoriyalarını əhatə etməyə imkan verəcək viza rejimi siyasətinə səy göstəririk. Çətinliklər Ermənistanda mövcud olan qanunvericilik və inzibati müddəaların bəzi detallarında yarana bilər və bizim bu məsələlərə hakimiyyətlə aparılan danışıqlar zamanı baxmağımız lazımdır", - de Lüsenberqer qeyd edib.

Onun fikrincə, hər iki tərəf sadələşdirilmiş rejimin vətəndaşların konkret hansı kateqoriyalarına aid olacağını həll edəcək. "Bu, sadə vətəndaşlar da ola bilər. Məsələ dialoq üçün açıqdır", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti