...

Macarıstanda türk-hun dünyasının birliyini təcəssüm etdirən tayfa yığıncağı – Böyük Qurultay keçirilib

Siyasət Materials 10 Avqust 2010 13:14 (UTC +04:00)
Macarıstanın Buqats adlı bölgəsində Kişqunşaq Milli Parkında türk-hun dünyasının birliyini təcəssüm etdirən tayfa yığıncağı - Böyük Qurultay keçirilib.
Macarıstanda türk-hun dünyasının birliyini təcəssüm etdirən tayfa yığıncağı – Böyük Qurultay keçirilib

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Macarıstanın Buqats adlı bölgəsində Kişqunşaq Milli Parkında türk-hun dünyasının birliyini təcəssüm etdirən tayfa yığıncağı - Böyük Qurultay keçirilib.

Azərbaycanın Macarıstandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, avqustun 6-dan 8-dək keçirilən qurultay "Macar-Turan" fondunun təşkilatçılığı ilə təşkil olunub.

Qurultayın keçirilməsində məqsəd türk-hun dünyası təmsilçilərinin bir araya toplanması və onların milli mədəniyyət nümunələrinin nümayişi olub.

Azərbaycanı sözügedən tədbirdə professor M.Kərimovun rəhbərliyi altında qədim musiqi alətləri ansamblı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Mədəniyyət siyasəti" şöbəsinin muzey sektorunun aparıcı məsləhətçisi M.Vahabova, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının I katibi G.Əfəndiyevadan ibarət nümayəndə heyəti təmsil edib.

Tədbirdə Azərbaycandan əlavə, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Bolqarıstan, Monqolustan, o cümlədən, Başqırdıstan, Tatarıstan, Yakutiyadan da nümayəndə heyətləri iştirak edib.

Qurultayın fəxri qonaqları sırasında Macarıstan Parlamentinin vitse-spikeri Şandor Lejak da olub.Qurultayın rəsmi hissəsində Azərbaycanın Macarıstan Respublikasındakı səfiri Vilayət Quliyev çıxış edib, Avropanın mərkəzində Türk Dünyası təmsilçilərini bir araya gətirən tədbirin xalqların daha da yaxınlaşması baxımından olduqca əhəmiyyətli olduğunu bildirib və təşkilatçılara görülmüş böyük işə görə təşəkkürünü bildirib.

Azərbaycanı təmsil edən qədim musiqi alətləri ansamblı tamaşaçılar qarşısında konsert proqramı ilə çıxış edib.

Ansamblın çıxışları böyük maraqla qarşılanıb və sürəkli alqışlarla müşayiət olunub. Qurultayda, ümumilikdə, 170 mindən artıq tamaşaçı iştirak edib.

Bu qurultay sayca üçüncü olub; bundan əvvəl 2007-ci ildə Qazaxıstanda, 2008-ci ildə isə Macarıstanda belə tədbirlər təşkil olunub.

Xəbər lenti

Xəbər lenti