...

Azərbaycanın hakim partiyası Türkiyə Prezidentinin ölkəmizə səfərini münasibətlərimizin inkişafı baxımından əhəmiyyətli sayır

Siyasət Materials 13 Avqust 2010 17:46 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Türkiyə Prezidentinin Azərbaycana səfərini bütövlükdə mühüm hadisə hesab edir və münasibətlərimizin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirir.
Azərbaycanın hakim partiyası Türkiyə Prezidentinin ölkəmizə səfərini münasibətlərimizin inkişafı baxımından əhəmiyyətli sayır

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın hakim partiyası Türkiyə Prezidentinin Azərbaycana səfərini bütövlükdə mühüm hadisə hesab edir və münasibətlərimizin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirir.

"Azərbaycan və Türkiyə strateji tərəfdaş, müttəfiq ölkələrdir. Hər iki ölkənin maraqları o qədər bir-birinə yaxındır ki, bir dövlət digərinin maraqlarını həmişə diqqətdə saxlayır", - Trend-in məlumatına görə, bu fikirləri hakim partiyanın rəsmi saytına açıqlamasında YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana gözlənilən səfərinin əhəmiyyətini şərh edərkən deyib.

YAP rəsmisinin sözlərinə görə, son vaxtlar baş verən hadisələrdə bir daha şahid olduq ki, Türkiyə və Azərbaycan bu bölgədə sülhə, sabitliyə nail olmaq üçün birgə səylər göstərirlər.

Qurbanlı deyib ki, Türkiyə dövlətinin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ problemində nə qədər həssas bir mövqedən çıxış etməsi ölkəmiz üçün böyük önəm kəsb edir. Türkiyənin bu məsələdəki mövqeyində hansısa bir dəyişikliyin baş vermədiyini müşahidə edirik.

"1993-cu ildə Ermənistan Kəlbəcəri işğal etdiyi vaxtdan Türkiyə bu işğalçı dövlətlə diplomatik əlaqələrini dayandırıb. Bir daha vurğulamaq istərdim ki, bu məsələdə Türkiyə daim Azərbaycanı müdafiə edib. Və sərhədlərin açılması ilə bağlı Qərb tərəfdən nə qədər təzyiqlər olunsa da, Ermənistan işğalçılıq siyasətinə son qoymayınca, sərhədləri açmayacağını bəyan edib", -  o, qeyd edib.

Qurbanlının sözlərinə görə, Türkiyə və Azərbaycan dövlət rəhbərləri, rəsmi şəxsləri davamlı olaraq qarşılıqlı səfərlər edirlər.

"Təbii ki, bütün bunlarla yanaşı, münasibətlərimizin daha da inkişaf etdirilməsi, bölgədə yaranmış vəziyyət, beynəlxalq aləmdəkı vəziyyət və digər məsələlərin müzakirə edilməsi üçün Türkiyə və Azərbaycan rəhbərlərinin mütəmadi görüşlər keçirməsinə ehtiyac var. Prezident Abdullah Gülün Azərbaycana növbəti səfəri də iki qardaş dövlətin prezidentləri səviyyəsində cari məsələlərin müzakirə edilməsinin ehtiyacından irəli gəlir. Bu səfər gedişində Türkiyə - Azərbaycan münasibətləri, iqtisadi, siyasi və digər sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə ediləcək" , - Qurbanlı bildirib.

Gül avqustun 16-17-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Xəbər lenti

Xəbər lenti