...

Azərbaycan deputatları Rusiya hərbi bazasının Ermənistanda qalma müddətinin uzadılmasını regiondakı təhlükəsizliyin qorunmasına mənfi təsir göstərəcəyini hesab edirlər

Siyasət Materials 18 Avqust 2010 14:58 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin (Parlament) deputatları Rusiya Prezidenti Dmitri Medvedevin Ermənistana səfəri çərçivəsində gözlənilən Gümrü hərbi bazasının qalma müddətinin uzadılması haqqında sazişin imzalanmasının regiondakı təhlükəsizliyin və stabilliyin qorunmasına mənfi təsir edəcəyini hesab edirlər.
Azərbaycan deputatları Rusiya hərbi bazasının Ermənistanda qalma müddətinin uzadılmasını regiondakı təhlükəsizliyin qorunmasına mənfi təsir göstərəcəyini hesab edirlər

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycan Milli Məclisinin (Parlament) deputatları Rusiya Prezidenti Dmitri Medvedevin Ermənistana səfəri çərçivəsində gözlənilən Gümrü hərbi bazasının qalma müddətinin uzadılması haqqında sazişin imzalanmasının regiondakı təhlükəsizliyin və stabilliyin qorunmasına mənfi təsir edəcəyini hesab edirlər.

Millət vəkili Aydın Mirzəzadə Trend-ə bildirib ki, Ermənistan vaxtaşırı qonşu dövlətlərə qarşı təcavüz edib və yaxud torpaq iddiası ilə çıxış edib; qonşu dövlətlərin heç biri ilə yaxşı münasibəti yoxdur.

Avqustun 19-da Rusiya Prezidenti Dmitri Medvedev İrəvana səfər edəcək. Səfər çərçivəsində bəzi müqavilə və sazişin imzalanması nəzərdə tutulur. Bunların arasında Rusiyanın 102 saylı hərbi bazasının qalma müddətinin uzadılması haqqında saziş də var.

"Bunun da səbəblərindən biri erməni millətçiliyinin hakim ideologiya olmasıdırsa, ikinci səbəb Ermənistanın öz daxilində Rusiya bazalarının faktorundan yararlanmasıdır", - o bildirib.

Mirzəzadənin fikrincə, ehtimal olunan sənədin qəbulu Ermənistanın iddialarını gücləndirəcək və ümumən regiondakı duruma pis təsir edəcək.

"Faktik olaraq Ermənistan daha da militaristləşdirilir və Ermənistanın qonşu dövlətlərə qarşı torpaq iddiası olduğunu nəzərə alsaq, bu fakt regionda stabilliyi daha da pozacaq", - o bildirib.

Millət vəkili hesab edir ki, Rusiyanın xarici siyasətində Cənubi Qafqazla bağlı çox təmkinli bir siyasət yeridilməyə çalışılır, amma situasiyanın belə olması sabahsı gün yaranacaq vəziyyətdə Rusiyanın da məsuliyyət daşımasını ortaya atır.

Digər azərbaycanlı deputat Asim Mollazadə hesab edir ki, sənəd imzalanacağı təqdirdə, Ermənistan uzunmüddətli forpost funksiyasını daşıyacaq.

"Ermənistan silahlı qüvvələri Rusiya hərbi bazasının əsasında formalaşır və Ermənistan da bunun müqabilində imkan yaradıb ki iqtisadiyyatının böyük bir hissəsi artıq Rusiya tərəfindən özəlləşdirilib", - deputat çərşənbə günü Trend-ə açıqlamasında deyib.

Mollazadənin fikrincə, əhalinin külli miqdarda Ermənistanı tərk etməsi onu göstərir ki, sosial-iqtisadi problemlər hansısa ölkənin forpostuna çevrilən Ermənistanda artıq belə bir faciə yaradır.

"Bu ölkə ancaq hərbi baza funksiyasını daşımaqla bölgədə istənilən pozitiv proseslərin qarşısını almağa yönəlmiş təcavüzkar siyasətini davam etdirmək istəyir", - millət vəkili bildirib.

Xəbər lenti

Xəbər lenti