Həll olunmayan münaqişələr regionun inkişafına böyük maneədir, Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Zalsburq şəhərində keçirilmiş "Salzburq Triloqu elmi konfrans: 21-ci əsrdə etik bazar iqtisadiyyatları üçün birliklərin inşası. Avropadan, Qara dəniz və onun hüdudlarından kənardan keyfiyyətli artımın perspektivlərinə baxış" adlı konfransda çıxışı zamanı deyib. Bu barədə XİN-in mətbuat xidməti bazar günü xəbər verir.
Məmmədyarov Qara dəniz regionu dövlətlərin iqtisadi vəziyyəti məsələlərinə toxunmuşdur. Azərbaycanın iqtisadiyyatı, iqtisadi siyasəti barədə iştirakçılara geniş məlumat verən E.Məmmədyarov, ölkənin apardığı enerji siyasətlə bağlı tədbir iştirakçılarını tanış etmişdir. Nazir Avropa Birliyi dövlətlərinin enerji təhlükəsizliyi məsələsinə toxunaraq, bu sahədə verə biləcək tövhə barədə Azərbaycan tərəfinin mövqeyini iştirakçıların nəzərinə çatdırmışdır. Bununla yanaşı Qara dəniz regionunda davamlı inkişafın zəruriliyini bildirərək, bunun üçün daha praqmatik olmağın vacibliyini vurğulamışdır.
Nazir iqtisadi inkişafın siyasi sabitlik üçün labüd olduğunu qeyd edib.
Daha sonra nazir E.Məmmədyarov yoxsulluğun aradan qaldırılması sahəsində Azərbaycanın apardığı siyasətə toxunaraq, gələcək nəsillər qarşısında məsuliyyət daşındığını və bu sahədə səylərin artırılmasının zəruriliyini vurğulamışdır.
Həmçinin səfər çərçivəsində nazir E.Məmmədyarov Ukrayna, Gürcüstan və Avstriyalı həmkarları, Avstriyanın sabiq federal kansleri Volfqanq Şussel və Şərqi Avropanın ən böyük neft və qar şirkəti olan Avstriyanın OMV şirkətinin Sədri və Baş icraçı direktoru Volfqanq Rutternstorfer ilə görüşmüşdür. Görüşlərdə ikitərəfli əlaqələr və əməkdaşlıq, onların perspektivləri və digər maraq doğuran məsələlər müzakirə edilmişdir.