...

Ayasofiyanın məscid statusu bərpa edilməlidir - Türkiyənin müxalifət partiyasının sədri

Siyasət Materials 27 Avqust 2010 20:02 (UTC +04:00)
Türkiyənin müxalif Böyük Birlik Partiyasının (BBP) sədri hesab edir ki, hakimiyyət ölkədəki dini azlıqlar üçün yaratdığı şəraiti müsəlmanlar üçün də yaratmalı və Ayasofiyanın məscid statusu bərpa edilməlidir.
Ayasofiyanın məscid statusu bərpa edilməlidir - Türkiyənin müxalifət partiyasının sədri

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin müxalif Böyük Birlik Partiyasının (BBP) sədri hesab edir ki, hakimiyyət ölkədəki dini azlıqlar üçün yaratdığı şəraiti müsəlmanlar üçün də yaratmalı və Ayasofiyanın məscid statusu bərpa edilməlidir.

"Hakimiyyət, əhalisinin 99 faizinin müsəlman olduğu Türkiyə müsəlmanlarının haqlarını qorumalı, Sumela və Akdamar kilsələrini ibadətə açıq etdiyi kimi, Ayasofiyanın da məscid statusunu bərpa etməlidir", - deyə partiya sədri Yalçın Topçu Ankaradan telefonla Trend-ə bildirib.

Türkiyə mətbuatının verdiyi məlumata görə, ölkədə yaşayan pravoslav xristianların müqəddəs hesab etdiyi Sumela monastırında son 90 ildə ilk dəfə olaraq, dini ayinlərin keçirilməsinə icazə verilib. XIV əsrə aid monastırın açılışında ölkədə yaşayan pravoslavlarla yanaşı, Yunanıstan və Rusiyadan 1 500-ə yaxın zəvvar da iştirak edib.

"Sabah" qəzetinin verdiyi məlumata əsasən, Van şəhərindəki Akdamar kilsəsində də dini ayinlərin keçirilməsinə icazə verilib.

Partiya lideri onu da qeyd edib ki, minillik dövlətçilik ənənəsinə sahib Türkiyə, dini azlıqların hüquqlarının qorunması məcburiyyətindədir.

"Sumela və digər tarixi kilsələrin bərpasını doğru hesab edirəm, lakin digər tərəfdən, bu kimi abidələrlə eyni statusa malik və ölkədəki müsəlmanların 76 ildir açılmasını gözlədikləri Ayasofiyada ibadətə icazə verilməlidir", - Topçu qeyd edib.

İstanbulun XV əsrin ortalarında fəth edilməsindən sonra, şəhərin ən böyük məbədi olan "Hagia Sophia" kilsəsinin adı Fateh Soltan II Mehmet tərəfindən Ayasofiya kimi dəyişdirilərək, fəthin simvolu olaraq məscidə çevrilmiş və ilk Cümə namazı da elə burada qılınmışdır. 1934-cü ildə Ayasofiya məscid statusundan məhrum edilib və muzeyə çevrilib.

Topçunun sözlərinə görə, Ayasofiyanın məscid statusunun bərpa edilməsi üçün  hakimiyyət və aidiyyəti qurumlar qarşısında tələb irəli sürülüb.

"Hesab edirəm, ölkə müsəlmanlarının, ən azı, ildə bir dəfə bayram (Ramazan və Qurban) namazlarını Ayasofiyada qılmaq haqları var", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti