Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan Rusiya Prezidentinin xanımı Svetlana Medvedeva sentyabrın 3-də "Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehrli ilmələr" qalereyasında olublar. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Hörmətli qonaqlara gül dəstələri təqdim edilib.
Müəssisə ilə tanış olan Rusiyanın birinci xanımına məlumat verilib ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar verib, bütün Şərqdə məşhur olduğunu bildiriblər.
Azərbaycanın xalı və xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlayıb, hazırda 350 nəfərin çalışdığı "Azər-İlmə"nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafatlara və sertifikatlara layiq görülüb. Müəssisədə iplər ancaq təbii rənglərlə boyanır, eskizlər milli naxış və çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.
Vurğulanıb ki, keçən il "Azər-İlmə" Avropanın Biznes Assambleyasının "United Europe" və "XXI əsrin liderləri" beynəlxalq imic proqramının "European Quality" nüfuzlu mükafatına da layiq görülüb.
Azərbaycanın və Rusiyanın birinci xanımları qalereyanın açıq səma altında nümayiş etdirilən zəngin eksponatlarına baxıblar, boyama, toxuma prosesini maraqla izlədilər, xalçaçı qızlarla səmimi söhbət ediblər. Xanım Svetlana Medvedeva xalçaçı qızların köməyi ilə original kompozisiyalı xalçaya bir neçə ilmə də vurub və bunun çox çətin, incə peşə olduğunu söyləyib.
Dövlət başçılarının xanımları xalçaçı qızlara işlərində uğurlar arzulayıblar.
Rusiyanın birinci xanımı qədim xalçaların nümayiş olunduğu sərgiyə də baxıb. Burada yaşı yüz ildən çox olan xalılar da nümayiş etdirilir. Sərgi qonaqda böyük maraq oyadıb.
"Azərbaycan xalçası qalereyası"nda nümayiş olunan "Azərbaycanın tarixi xalçaçılıq məktəbləri" ipək xalı xəritəsi də yüksək bədii tərtibatı ilə qonağı məftun edib.
Svetlana Medvedeva qalereyanın Xatirə kitabına ürək sözlərini yazıb.
Hörmətli qonağa xatirə hədiyyəsi təqdim edilib.