Azərbaycan, Bakı, 4 sentyabr/Trend, müxbir M.Əliyev/
Azərbaycanda Parlament seçkilərinə bu gündən rəsmi start verilib. Bu barədə şənbə günü Trend-ə Mərkəzi Seçki Komissiyası (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.
"Azərbaycan Prezidenti Milli Məclisə seçkilərin noyabrın 7-də keçirilməsi barədə sərəncam imzalayıb. Qanunvericiliyə görə, sərəncam dərc olunan gündən seçkilərə rəsmi start verilir", - Sarıyev bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin edilsin.
Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.