...

Azərbaycanın müxalif Müsavat və Xalq Cəbhəsi partiyaları otuz beş dairədə razılığa gələ bilməyiblər

Siyasət Materials 7 Sentyabr 2010 16:10 (UTC +04:00)
Azərbaycanın müxalif Müsavat və Xalq Cəbhəsi (AXCP) partiyaları seçki bloku yaratmaq üçün 35 dairədə razılıq əldə edə bilməyiblər.
Azərbaycanın müxalif Müsavat və Xalq Cəbhəsi partiyaları otuz beş dairədə razılığa gələ bilməyiblər

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müsavat və Xalq Cəbhəsi (AXCP) partiyaları seçki bloku yaratmaq üçün 35 dairədə razılıq əldə edə bilməyiblər. Bu barədə çərşənbə axşamı Trend-ə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

"Bu gün partiyalar arasında danışıqlar aparılıb. Müsavat Partiyasının deputat qrupunun üzvlərinin, AXCP rəhbərliyinə daxil olan bəzi şəxslərin namizədliklərinin müdafiə edilməsi ehtimalları artıb. 90-a yaxın seçki dairəsində razılaşmalar əldə olunub. Təəssüf ki, digər dairələrdə razılaşmaların əldə olunması həm AXCP, həm də Müsavat üçün qeyri-mümkün görünür", - Hacılı əlavə edib.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər AXCP ilə Müsavatın birləşərək bir partiya olmasını təklif edib. Hazırda hər iki partiyanın birgə seçki bloku yaratması ətrafında danışıqlar gedir.

"Seçkilərdə bir blok şəklində iştirak etmək məsələsi Müsavat Partiyasının Divanında və AXCP-nin Məclisində sabah müzakirə ediləcək və düşünürəm ki, müsbət qərarlar qəbul ediləcək. Siyasi partiyalar bizim son razılaşmamıza müsbət rəy bildirsələr, blok elan olunacaq", - Hacılı deyib.

Azərbaycanda parlament seçkilərinə ötən həftənin cümə günündən rəsmi start verilib.

Azərbaycan Prezidenti Milli Məclisə seçkilərin noyabrın 7-də keçirilməsi barədə sərəncam imzalayıb.

Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti