...

Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi tanınıb (YENİLƏNİB)

Siyasət Materials 1 Oktyabr 2010 19:08 (UTC +04:00)
Cümə günü Brüsseldə NATO-nun mənzil-qərargahında Azərbaycan nümayəndə heyətinin görüşü zamanı Azərbaycan alyansın üzv ölkələri tərəfindən etibarlı və sadiq tərəfdaş kimi tanınıb.
Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi tanınıb (YENİLƏNİB)

RED. əlav.: NATO mətbuat xidmətinin məlumatı əlavə olunub

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbirlər S.Ağayeva, Y.Ostapenko/

Cümə günü Brüsseldə NATO-nun mənzil-qərargahında Azərbaycan nümayəndə heyətinin görüşü zamanı Azərbaycan alyansın üzv ölkələri tərəfindən etibarlı və sadiq tərəfdaş kimi tanınıb. Bu barədə NATO mətbuat xidmətinin məlumatında deyilir.

Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov başçılıq edir. Nümayəndə heyətinin tərkibinə milli təhlükəsizlik və fövqəladə hallar nazirlərinin müavinləri, Dövlət Sərhəd Xidmətinin rəisi müavini, Müdafiə və Daxili İşlər nazirliklərinin idarə rəisləri daxil olub. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Səfər zamanı Azərbaycanın xarici işlər naziri NATO baş katibinin müavini Klaudio Bizonyero ilə ikitərəfli görüş keçirib, Şimali Atlantika Şurasının Azərbaycan ilə keçirilmiş "28+1" formatlı iclasında iştirak edib.

Məmmədyarov öz çıxışında NATO-nun yeni Strateji Konsepsiyası, Azərbaycan-NATO tərəfdaşlığı, o cümlədən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP) icrası və Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələlərinə toxunub.

Görüş zamanı Azərbaycan-NATO münasibətləri, Azərbaycanın NATO ilə FTƏP-in növbəti iki il üzrə nəzərdə tutulan yeni - üçüncü dövrü, Azərbaycanda təhlükəsizlik sektorunun islahatı, həmçinin regionda təhlükəsizlik məsələləri müzakirə edilib.

Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" proqramının - çərçivə sənədinin imzalanması ilə qoyulub.

Azərbaycan 2005-ci ildən NATO ilə iki illik müddətə hesablanan "Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı" çərçivəsində əməkdaşlıq edir. Hazırda əməkdaşlıq 2008-2010-cu illəri əhatə edən "Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı"nın ikinci mərhələsi çərçivəsində həyta keçirilir.

Əməkdaşlığın əsas istiqamətlərinə daxildir: silahlı qüvvələr üzərində tam demokratik nəzarətin yaradılması, müdafiə planlaşdırması və müdafiə büdcəsinin formalaşdırılması, NATO-nun norma və standartlarından istifadə etməklə silahlı qüvvələrin bütün strukturlarının yenidən qurulması.

NATO mətbuat xidmətinin verdiyi məlumata görə, müttəfiqlər Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində əməkdaşlığın geniş spektrini və qarşıdan gələn Lissabon sammitində qəbul ediləcək NATO-nun yeni Strateji Konsepsiyasının müzakirəsinə Azərbaycanın töhfəsini minnətdarlıqla qeyd ediblər.

Alyansın üzv ölkələri qoşun və öz hava məkanında uçuş hüququnu verməklə alyansın Əfqanıstandakı missiyasını dəstəklədiyinə, eləcə də mülki tikililərin bərpasına kömək göstərdiyinə görə Azərbaycana minnətdarlıqlarını bildiriblər.

Ölkənin Silahlı Qüvvələrinin NATO ölkələri ilə birgə sülhməramlı əməliyyatların və böhrana reaksiya əməliyyatlarının keçirilməsində qarşılıqlı əlaqə zamanı əməkdaşlığın inkişafına hazırlıq islahatların aparılmasına yardımın göstərilməsi ilə yanaşı, əməkdaşlığın vacib məqsədlərindən biridir.

1999-cu ildən etibarən Azərbaycanın hərbi kontingenti NATO-nun Kosovada, 2002-ci ildən isə Əfqanıstanda sülhməramlı əməliyyatların keçirilməsinə dəstək verib.

Xəbər lenti

Xəbər lenti