...

İsrailin Azərbaycandakı səfiri Tovuz rayonuna səfər edib (FOTO)

Siyasət Materials 18 Oktyabr 2010 13:14 (UTC +04:00)

RED. əlav.: şəkillər əlavə olunub

Azərbaycan, Gəncə, 18 oktyabr /Trend, müxbir V.Məmmədov/

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon Lotem Tovuz rayonuna səfər edib.

Səfər zamanı millət vəkili Qənirə Paşayeva diplomata ilk olaraq Azərbaycan xəritəsi haqqında məlumat verib.

Səfirə minilliklər boyu Azərbaycanın başına gətirilən faciələrdən danışan millət vəkili Rusiya imperiyasının Azərbaycan ərazilərini zorla alaraq Ermənistana verməsi məsələsini izah edib.

Bu barədə məlumat əldə edən diplomat Azərbaycan ərazisinin qısa zaman müddətində nə qədər azaldığını əyani şəkildə xəritələrlə görə bilib.

Sonra diplomat rayonun Şəhidlər xiyabanını ziyarət edib. Millət vəkili Qənirə Paşayeva səfirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. Bildirib ki, respublikamızın 20 faiz ərazisini işğal edən ermənilər XX əsrin 90-cı illərinin əvvəllərində müharibə zamanı minlərlə vətəndaşımızı öldürüb, bir milyona yaxın vətəndaşımız ev-eşiyindən didərgin düşüb.

Daha sonra səfir Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovla görüşüb. Səfirə rayonun coğrafi mövqeyi, strateji əhəmiyyəti, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verilib. Rayon sahibkarlarının da qatıldığı görüşdə rayonun kənd təsərrüfatı barədə müzakirə aparılıb. Tovuzun iş adamları heyvandarlıq və kənd təsərrüfatının bəzi sahələrində İsrail şirkətləri ilə əməkdaşlıq etmək istədiklərini bildirib. Səfir Mixael Lavon Lotem İsraildə kənd təsərrüfatı üzrə fəaliyyət göstərən təcrübəli şirkətlərin olduğunu deyərək şərabçılıq, heyvandarlıq və digər sahələrdə əməkdaşlığın vacibliyini qeyd edib.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov görüşün sonunda səfirə saz hədiyyə verib. Səfir də öz növbəsində İsraildə istehsal olunan şərabı icra başçısına təqdim edib.

İsrailli diplomatın səfəri Tovuzun sərhəd kəndlərinə baş çəkməsi ilə davam edib. Əlibəyli kəndinə gələn səfirə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində yararsız hala düşən yaşayış evi və məktəb binası göstərilib. Diplomata bildirilib ki, Ermənistan SQ tərəfindən atəşkəsin intensiv pozulması nəticəsində kənd sakinlərinin normal həyat fəaliyyəti pozulur, onlar əkin-biçinlə məşğul ola bilmirlər.

Səfir sonra Ağdam kəndinə baş çəkib. Millət vəkili Qənirə Paşayeva səfirə kəndin ermənilər tərəfindən dağıdılan qəbiristanlığı barədə məlumat verib. Bildirilib ki, qəbiristanlıq mütəmadi olaraq Ermənistan SQ tərəfindən atəşə tutulur. Nəticədə isə kənd sakinləri məzarlıqdan istifadə edə bilmirlər.

"İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dövlətimizin münaqişə ilə bağlı mövqeyi aydın və sadədir. Bütün dünya ölkələri kimi, biz də bu işğalı tanıyırıq", - səfir bildirib.

Səfərin sonunda səfir Heydər Əliyev Muzeyində olub və ulu öndərin yaradıcılığından bəhs edən şəkillərə baxıb.

Xəbər lenti

Xəbər lenti