...

Bu gün mənim vəzifəm Azərbaycanı modernləşmə və tərəqqi yolu ilə aparmaqdır - Prezident İlham Əliyev

Siyasət Materials 27 Oktyabr 2010 13:58 (UTC +04:00)
Bu gün Azərbaycanın nail olduğu hər bir şeyin əsasını atam Heydər Əliyev qoyub. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya rəsmi səfəri ərəfəsində bir sıra Ukrayna KİV-lərinə müsahibəsində deyib.
Bu gün mənim vəzifəm Azərbaycanı modernləşmə və tərəqqi yolu ilə aparmaqdır - Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Bu gün Azərbaycanın nail olduğu hər bir şeyin əsasını atam Heydər Əliyev qoyub. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya rəsmi səfəri ərəfəsində bir sıra Ukrayna KİV-lərinə müsahibəsində deyib. Bu barədə Ukraynanın "Den" ("Gün") qəzeti yazır.

"O, Azərbaycana rəhbərlik etməyə başlayanadək ölkəmiz sadəcə uçuruma yuvarlanırdı. Artıq bizim tariximizdə elə bir dövr olmuşdu ki, Rusiya imperiyası süquta uğrayan zaman Azərbaycan müstəqillik əldə etmişdi, lakin bu müstəqillik cəmi iki il davam etmişdi. Sonra obyektiv səbəblər, eləcə də siyasətçilərin və siyasi institutların müstəqil həyata hazır olmaması üzündən bu müstəqillik əldən çıxdı", - Azərbaycan Prezidenti atasından aldığı hansı dərslərin daha qiymətli olması və İlham Əliyevin Azərbaycan siyasətinə hansı yeni töhfələr verməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

"1991-ci ildə Sovet İttifaqı dağıldı və Azərbaycan müstəqil oldu, 1993-cü ildə biz bu müstəqilliyi itirə bilərdik. Bir yandan ermənilərin təcavüzü, Azərbaycandakı vətəndaş müharibəsi, eləcə də son dərəcə ağır siyasi proseslər... Hələ iqtisadi böhrandan danışmıram. Və bu zaman Azərbaycan xalqı müdriklik nümayiş etdirdi: hakimiyyətdə mürtəce ekstremist (hətta mən deyərdim ki, banditlərin) qüvvələrin olmasına baxmayaraq, Azərbaycan xalqı Heydər Əliyevi dəstəklədi. O, Naxçıvandan qayıtdı və 1993-cü ildə ölkəni idarə etdi. Və bugünkü Azərbaycan dövlətçiliyinin əsasını qoydu", - dövlət başçısı bildirib.

"Ona görə də Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının qəlbində yaşayır", - o qeyd edib və bildirib ki, Azərbaycan xalqının vəfatından sonra da ona göstərdiyi hörmət buna parlaq sübutdur.

"O, qeyri-adi, igid, mərd, uzaqgörən, prinsipial adam idi, öz xalqını çox sevirdi və öz taleyimizin sahibi olacağımız vaxtları arzulayırdı. Bu baş verdi və 2003-cü ildən, bu vəzifəyə başladığım gündən bu günədək mənim başlıca vəzifəm Azərbaycanı inkişaf, modernləşmə və tərəqqi yolu ilə aparmaqdır, ölkəni insanların yaxşı yaşamaları üçün müasir, dinamik, azad ölkəyə çevirməkdir ki, hamı firavan yaşasın, yoxsul, işsiz olmasın. Şadam ki, çox şey etməyə nail olmuşam", - Prezident qeyd edib.

"Dəfələrlə dediyim kimi, müstəqillik təkcə bayraq və dövlət atributlarının olması demək deyil. Əsas məsələ odur ki, müstəqil siyasət yürüdə bilirsən ya yox? Özü də ölkə əsrlərlə digər dövlətlərin və imperiyaların tərikibində olub və müstəqilliyə nail olmayıb. Azərbaycanlıların nəsilləri bu fikirlərlə anadan olub və ölüblər. Böyük şans bizim nəslin payına düşüb və bizim yüzilliklər ərzində müstəqil ölkə kimi inkişaf etməyimiz üçün onu əldən verməyə haqqımız yoxdur", - İlham Əliyev deyib.

Jurnalistlərin suallarına cavab verən dövlət başçısı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin bir çox mühüm işlərində fəal iştirakından məmnunluğunu ifadə edib.

"Birinci xanım statusu həyat yoldaşının vəzifəsinə görə verilir, bunun arxasında duran hər şey isə artıq bu statusa malik olan insanın arzusu, iradəsi və məqsədidir. Mən çox şadam ki, Mehriban xanımın başçılıq etdiyi Heydər Əliyev Fondu tərəfindən məhz Azərbaycanda vəziyyəti ağır olan insanların rahatlığı üçün çox işlər görüb. Və Heydər Əliyev Fondu dövlət strukturlarında cavab tapmayanlar üçün son ünvan, daha doğrusu, eşidilmələri üçün onların ümidlə getdikləri sonuncu pəncərədir. Belə də olur", - İlham Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti