...

Azərbaycanın hakim partiyası parlament seçkisində qələbə qazandıqlarına inandığını bəyan edib (YENİLƏNİB)

Siyasət Materials 7 Noyabr 2010 21:59 (UTC +04:00)
Azərbaycanın hakim partiyası parlament seçkisində qələbə qazandıqlarına inandığını bəyan edib.
Azərbaycanın hakim partiyası parlament seçkisində qələbə qazandıqlarına inandığını bəyan edib (YENİLƏNİB)

RED. əlavəsi: Əli Əhmədovun fikirləri əlavə olunub

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası parlament seçkisində qələbə qazandıqlarına inandığını bəyan edib.

"YAP-ın seçkilərdə qələbə qazandığına inanıram", - bunu bazar günü keçirdiyi mətbuat konfransında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov bildirib.

Azərbaycanda noyabrın 7-də parlament seçkisi keçirilib. Səsvermə yerli vaxtla 19:00-da başa çatıb. MSK-nın rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparıb. Onlardan 111-i YAP-ın irəli sürdüyü namizədlər olub.

Əhmədov deyib ki, seçkilər Azərbaycanda demokratiyanın inkişafı yolunda atılmış uğurlu addımdır.

O qeyd edib ki, seçkilər uğurla başa çatıb.

"Bütün siyasi partiyalar və seçkidə iştirak etmək istəyən vətəndaşların seçkidə iştirak etməsi üçün bütün şərait yaradılıb", - Əhmədov bildirib.

Əhmədov qeyd edib ki, bir sıra müxalifət partiyaları seçkiləri tənqid etməyə çalışırlar.

"Onlar guya seçkidə onlar üçün şərait yaradılmadığını deyirlər. Müxalifətdə seçkilərə qatılmış namizədlərin sayı YAP-dan qatılan namizədlərin sayından çox olub. Müxalifətin bu metodlara əl atmasının səbəbi mövqelərinin zəif olmasını dərk etməsidir. Təşviqat zamanı müxalifət partiyalarının nümayəndələri seçkiqabağı təşviqat çıxışlarında etikadan kənar sözlərə yer veriblər. Bu cür hərəkətlər onların mövqelərinin zəif olmasının göstəricisidir", - o əlavə edib.

YAP funksioneri seçki zamanı təmsil olunduğu partiyanın müşahidəçiləri tərəfindən qeydə alınmış qanun pozuntuları haqqında da danışıb.

"22 saylı dairədə Pənah Hüseynin nümayəndəsi seçicilərin rəyinə təsir göstərə biləcək hərəkətlər ediblər. 15 saylı Yasamal dairəsində İsa Qəmbərin səlahiyyətli nümayəndəsi seçki prosesinə təsir göstərməyə çalışıb. 31 saylı dairədə Əli Kərimlinin bir dəstə tərəfdarları məntəqələri gəzərək qanun pozuntularına cəhd göstəriblər. Bütün bunlar bizim müşahidəçilərimiz tərəfindən müşahidə olunan hallardır. Bütün bu hallarda protokollar tərtib olunub. İndi araşdırmalarımız aparılır. Müxalifətin etdiyi və etməyə cəhd göstərdiyi qanun pozuntuları barədə MSK-ya müraciət edəcəyik", - Əhmədov qeyd edib.

Onun sözlərinə görə, bəzi xarici mətbuat orqanları tərəfindən Azərbaycanda gedən seçki prosesinin qeyri-obyektiv işıqlandırılması müşahidə olunub.

"Bu qərəzli yanaşma əsasən xarici mətbuatın Azərbaycan müxalifətinin mətbu orqanlarında nəşr olunan həqiqətəuyğun olmayan məlumatları öz mətbu orqanlarında dərc etməsidir. Həmin mətbuatda yerləşdirilən xəbərlər yalnız müxalifət nümayəndələrinin dilindən səsləndirilən fikirlərdir. Həmin mətbu orqanların qeyri-obyektivliyi dərc etdirdikləri məlumatların birtərəfli olması olub. Həmin mətbu orqanlar yalnız müxalifət nümayəndələrinin fikirlərini əks etdiriblər. Hakimiyyət nümayəndələrinin fikirləri soruşulmayıb. Bununla da Azərbaycanda keçirilən obyektiv, şəffaf, demokratik seçkilər haqqında mənfi rəy yaratmaq istəyiblər", - Əhmədov mətbuat konfransında bildirib.

Xəbər lenti

Xəbər lenti