Qazaxıstan, Astana, 1 dekabr /Trend, müxbir A.Maratov/
ATƏT regionunda bəzi həlli yubanan münaqişələr var və belə şəraitdə yaşayanlar məsələnin həllini gözləyirlər. Bu barədə BMT baş katibi Pan Gi Mun Astanada ATƏT sammitində bildirib.
"ATƏT regionunda bəzi həlli yubanan münaqişələr var və belə şəraitlərdə yaşayanlar bizdən məsələnin həllini gözləyirlər. Və mən deyirəm ki, siz BMT-yə arxalana bilərsiniz", - Pan Gi Mun bildirib.
O, xatırladıb ki, cari il BMT tərəfindən "qadınlar və uşaqlar ili" elan olunub.
"Və biz qadın və uşaqların problemlərini çözməklə bu məsələləri həll edə bilərik [yubanan münaqişələri]. Qadınlar sülhə doğru yoldur", - o, qeyd edib.
ATƏT sammitində həlli yubanan münaqişələr arasında Ermənistan-Azərbaycan, Dağlqı Qarabağ münaqişəsinə xüsusi yer ayrılması planlaşdırılır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.