Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir T.Konyayeva/
Bu günlərdə "WikiLeaks"in dərc etdiyi qalmaqallı materiallarda danışılan İrana hərbi hücum bütün ölkələr üçün ağır nəticələrə gətirib çıxaracaq. Trend-in Ekspert Şurasının üzvü Vladimir Sokor belə hesab edir.
"Şübhəsiz ki, İrana hücumun nəticələri region dövlətləri də daxil olmaqla, bütün ölkələr üçün ağır nəticələrə gətirib çıxara bilər. Təkcə neftin qiymətləri, Fars körfəzinin blokadası, İrandan qaçqın axını və Tehran tərəfinin bu hücuma görə cavabdeh hesab etdiklərinə qarşı düşmənçiliyi barədə düşünməyə dəyər", - Corctaun Fondunun (Vaşinqton) əməkdaşı Sokor çərşənbə günü Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində bildirib.
Noyabrın sonlarında məxfi materialların çap edilməsi üzrə ixtisaslaşan "WikiLeaks" saytı tərəfindən ABŞ-ın müxtəlif ölkələrdəki diplomatik missiyalarından 250 min məxfi diplomatik məktub və teleqram "New York Times"a və bir sıra ABŞ və Avropa KİV-nə ötürülüb.
Həmin sənədlər İrandakı vəziyyətlə bağlı ərəb dünyasının ciddi narahatlığını əks etdirir. Belə ki, Səudiyyə Ərəbistanı Kralı ABŞ-ı dəfələrlə nüvə proqramına son qoymaq üçün İrana hücum etməyə çağırıb. Sənədə görə, 2008-ci ilin aprelində Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Pentaqonun nümayəndələri ilə görüşündə yenidən bu xahişi səsləndirərək bəyan edib: "Siz [amerikalılar] ilanın başını əzməlisiniz".
Dərc olunan sənədlərə görə, İran Misirdə, BƏƏ-də və İordaniyada "şər" və "dəyişməz" təhlükə kimi dəyərləndirilir.
Sokorun sözlərinə görə, Səudiyyə Ərəbistanı beynəlxalq arenada vacib oyunçu deyil və onun tərəfindən belə bəyanatlar bu ölkə hakimiyyətinin kamil olmadığını sübut edir.
"İrana hücumun mümkünlüyü ilə bağlı bir çox spekulyasiyalar mövcuddur. Buna baxmayaraq, bu hücumun ən böyük əleyhdarı Pentaqondur, - o deyib. - Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts və ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Birləşmiş Komitəsinin rəhbəri, admiral Mayk Mallen İran probleminin hərbi yolla həllinin ən qatı əleyhdarlarından biridir".
Nüvə silahı əldə edən İran İsrail və Yaxın Şərqdə sülh və bütün bəşəriyyət üçün ciddi təhlükədir. Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi bildirib.
İsrailin Baş naziri güman edir ki, İran hücum edərsə, məhz İsrail "bu hücumun birinci, lakin sonuncu olmayan hədəfi olacaq".
"WikiLeaks"in sənədləri arasında müdafiə naziri Ehud Barakın İranın nüvə potensialına verdiyi qiymət də var. 2009-cu ilin iyununda o bildirib ki, Tehranın atom silahı yaratmasına altı aydan 18 ayadək vaxt qalıb. Barak onu da qeyd edib ki, ABŞ İrana nüvə silahı əldə etməkdə mane olar bilər, lakin "istənilən hərbi həll qorxuludur".
Sokor İsrailin İrana münasibətində öz hədələrində ciddi olub-olmadığına əmin deyil. Onun fikrincə, belə təhdidlərdə məqsəd əsasən ABŞ və Qərbi Avropa hakimiyyətlərini qorxutmağa və hücumlardan qaçmaq üçün onları İrana qarşı daha çox iqtisadi sanksiyalar tətbiq etməyə yönəlib.
"Bu, İsrailin Vaşinqtonda istifadə etdiyi, eləcə də Vaşinqtonun öz növbəsində Avropada yeritdiyi diplomatik taktikadır, - o bildirib. - Fikirlərin məntiqi zənciri belədir: İsrail hücumla hədələyir, Vaşinqton bəyan edir ki, biz İrana hücumdan qaçmaq üçün sanksiyalar tətbiq etməliyik, daha sonra Vaşinqton BMT TŞ-nin sanksiyаlar tətbiq etməsini dəstəkləmək üçün Qərbi Avropaya müraciət edir".
ABŞ və bir sıra Qərb dövlətləri İranı sülhyönlü nüvə proqramı pərdəsi altında hərbi məqsədlərlə nüvə silahının hazırlanmasında ittiham edir. Tehran bütün ittihamları təkzib edir və bəyan edir ki, onun nüvə proqramı tamamilə dinc xarakter daşıyır. İndiyədək BMT TŞ İranın nüvə proqramını dayandırması üçün altı qətnamə qəbul edib, onlardan dördü İran əleyhinə iqtisadi və bəzi siyasi sanksiyaları nəzərdə tutur, ikisi isə xəbərdarlığı ehtiva edir.
Amerikalı ekspertin sözlərinə görə, indiyədək İsrailin hədələri BMT TŞ tərəfindən İrana qarşı iqtisadi sanksiyaların tətbiqinə hesablanmış siyasi jest kimi görünür.
"Belə hədələrə inanmağa dəyməz, - Sokor deyib. - Lakin bu hədələr çox zərərlidirlər, çünki İrana hücum haqqında ideyalara güc verir, bu məsələni müzakirələr üçün ənənəvi mövzu edir".
Bundan başqa, Sokor hesab edir ki, hədələr, məsələn, Fars körfəzində tankerlərin sığortalanmasını təmin edən bir sıra əsas iqtisadi qrupları əsəbləşməyə məcbur edir.
"Sığorta qiymərləri artır ki, bu da müflisləşməyə gətirib çıxara bilər, - o deyib. - Həmçinin, neft bazarlarında gərginlik müşahidə oluna bilər və neftin qiyməti bahalaşa bilər ki, bu da ümumi qeyri-sağlam vəziyyət yarada bilər".
Lakin Sokorun fikrincə, belə hədələrin daha mənfi nəticələri İsraillə İran arasında siyasi dialoq üçün maneədir.
"İsrail və İran bir-birlərini hədələdikcə, iki ölkə arasındakı münasibətlərə yenidən baxıla bilməz, - o deyib. - Bu ölkələr İranda şahın idarəçiliyi dövründə müttəfiq olublar. Odur ki, İsraillə İranın daimi düşmən olmaları üçün tarixi səbəb yoxdur".
İranın İsraillə diplomatik əlaqələri yoxdur və onu dövlət kimi tanımaqdan imtina edir. İran prezidenti Mahmud Əhmədinejad müntəzəm olaraq İsrailin tezliklə süqut edəcəyi barədə danışır.
ABŞ-İran münasibətlərinə gəldikdə isə Sokor ehtimal edir ki, Vaşinqtonla Tehran arasındakı münasibətlər Azərbaycan da daxil olmaqla, İranın qonşuları üçün lazımsız çətinliklər və təhlükə yaradır.
"ABŞ İranla bağlı yetərli olmayan diplomatik təşəbbüslər irəli sürür. Real dialoq yoxdur. Buna baxmayaraq, İranla ABŞ arasında hərtərəfli dialoq baş tuta bilər və baş tutmalıdır", - o deyib.
Sokor ABŞ və Avropanın İrana marağını İran neftinin, xüsusilə də qazının dünya bazarlarına ixracının mümkünlüyü ilə əlaqələndirir.
"Mən İranın coğrafi vəziyyəti ilə bağlı Avropaya boru kəmərləri haqqında danışmıram, - ekspert deyib. - Qazı sıxaraq LNG kimi təkcə Avropaya ixrac etmək daha ağlabatan olardı".
İran dünyada ikinci ən iri sübut edilmiş təbii qaz ehtiyatlarına (27,5 trilyon kubmetr və ya dünyadakı bütün ehtiyatların 18 faizi, OPEK üzvü olan ölkələrin "mavi yanacaq" ehtiyatlarının 33 faizi) malikdir.
Lakin İranda qaz hasilatının həcmləri sutkada 460 milyon kubmetr olmaqla nisbətən aşağıdır. İran heç vaxt təbii qaz ixracatçısı kimi çıxış etməyib və çıxış etmir. Sutkada yalnız 15 milyon kubmetrdən çox olmayan həcmdə İran qazı ixrac olunur.