...

Küveytdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib (FOTO)

Siyasət Materials 12 Dekabr 2010 21:02 (UTC +04:00)
2010-cu il dekabr ayının 12-də Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib. Bu barədə səfirliyin məlumatında deyilir.
Küveytdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

2010-cu il dekabr ayının 12-də Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib. Bu barədə səfirliyin məlumatında deyilir.

Tədbirin açılışında səfirliyin 1-ci katib-konsulu Tamerlan Xəlilovun giriş sözündən sonra çıxış edən səfir Tural Rzayev müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin öz həyatının ölkəmizin çiçəklənməsi və inkişafına həsr etdiyini və Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını vurğuladı.

Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və istəyi ilə parçalanma təhlükəsini yaşayan və vətəndaşlıq müharibəsinin astanasında olan Azərbaycanın rəhbərliyinə bir daha qayıtdığına xüsusi işarə edən səfir bildirdi ki, belə bir mürəkkəb və gərgin zamanda Heydər Əliyevin uzaqgörən siyasəti, həyat müdrikliyi və dövlətçilik bacarığı sayəsində qısa bir müddət ərzində mövcud ciddi problemlər aradan qaldırılmış, ölkəmiz davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur. T.Rzayev əlavə etdi ki, ümummilli lider Heydər Əliyevin qayıdışı ilə müstəqilliyimizin möhkəmləndirilməsi, Ermənistanın ölkəmizə qarşı təcavüzünün qarşısının alınması və uğurlu neft strategiyası nəticəsində daxili və xarici siyasətin müvəffəqiyyətlə həyata keçirilməsi sayəsində dövlətimizin hərtərəfli inkişafının təməli qoyulmuş və beynəlxalq aləmdə nüfuzu artmışdır.

Çıxış zamanı səfir bildirdi ki, hazırda ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş müstəqil siyasət kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. T.Rzayev əlavə etdi ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda və ümumiyyətlə, post sovet məkanında lider ölkəyə çevrilmişdir. Səfir Heydər Əliyevin rəhbərliyi dövründə digər işlərlə yanaşı xeyriyyəçilik fəaliyyətinin də geniş vüsət aldığını bildirdi. T.Rzayev yaşadığımız dövrdə də Azərbaycan xalqının bu qayğıkeş insanın nəcib amallarının Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə ümummilli liderin adını daşıyan "Heydər Əliyev Fondu" tərəfindən davam etdirildiyini xüsusi söylədi.    

Eyni zamanda, Azərbaycanın İslam və ərəb dünyası, o cümlədən, Küveyt Dövləti ilə münasibətlərinə toxunan T.Rzayev mövcud əlaqələrin qurulması və genişləndirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz rolunu yüksək qiymətləndirdi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il fevral ayının 10-11-də Küveyt Dövlətinə rəsmi səfərinin böyük əhəmiyyətini xüsusi qeyd etdi.

Çıxışlardan sonra tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyəti haqqında sənədli filmi seyr edib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş foto sərgi ilə tanış oldular. 

Tədbirdə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin əməkdaşları və onların ailə üzvləri, həmçinin, bu ölkədə yaşayan və işləyən Azərbaycan vətəndaşları iştirak etdilər. 

Qeyd etmək lazımdır ki, Küveytin nüfuzlu və yüksək tirajlı "Əl-Vasat" qəzetində ulu öndərin xatirəsini yad edən və "Heydər Əliyev Fondu"nun fəaliyyətindən bəhs edən məqalə çap olunmuşdur.

Xəbər lenti

Xəbər lenti