...

2010-cu ildəki proseslər Mərkəzi Asiyanın gələcəyinə təsir edir

Siyasət Materials 24 Dekabr 2010 12:21 (UTC +04:00)
2010-cu ildə Mərkəzi Asiyada bir neçə önəmli hadisə baş verib və gələcəkdə bütün regiona təsir edə biləcək tendensiyalar müşahidə olunub. "Deutsche Welle" radiostansiyasının rus redaksiyasının baş redaktoru və Şərqi Avropa şöbəsinin rəhbəri İnqo Manntoyfel (Ingo Mannteufel) belə hesab edir.
2010-cu ildəki proseslər Mərkəzi Asiyanın gələcəyinə təsir edir

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir V.Javoronkova/

2010-cu ildə Mərkəzi Asiyada bir neçə önəmli hadisə baş verib və gələcəkdə bütün regiona təsir edə biləcək tendensiyalar müşahidə olunub. "Deutsche Welle" radiostansiyasının rus redaksiyasının baş redaktoru və Şərqi Avropa şöbəsinin rəhbəri İnqo Manntoyfel (Ingo Mannteufel) belə hesab edir.

"Mərkəzi Asiya ölkələrində 2010-cu il fövqəladə zəngin hadisələrlə fərqlənib", - Manntoyfel elektron poçt vasitəsilə Trend-ə bildirib.

Onun fikrincə, onların arasında ən mühüm yeri əlbəttə, Qırğızıstandakı hadisələr tutub: Kurmanbek Bakiyev rejiminin dağılması, Qırğızıstanın cənubundakı etnik münaqişələr və daha sonra yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı referendum, onun ardınca parlament seçkilərinin keçirilməsi.

Cari ilin aprelində genişmiqyaslı etiraz aksiyalarından sonra respublikanın eks-prezidenti Bakiyev devrildi, hakimiyyətə Roza Otunbayevanın başçılıq etdiyi müvəqqəti hökumət gəldi. Daha sonra respublikanın yeni hökuməti prezident idarəçiliyinin parlament idarəçiliyi ilə əvəz olunması barədə qərar qəbul etdi ki, bu da bu ilin yayında keçirilən referendumla təsdiqləndi. Ötən həftə parlament koalisiyası Almazbek Atambayevi respublikanın baş naziri seçdi.

"Hələlik nəticələrinin miqyasını qiymətləndirmək çətin olan bu həlledici dəyişikliklər təkcə Qırğızıstan üçün deyil, həm də bütün region üçün həlledici oldu", - Manntoyfel deyib.

Onun fikrincə, əgər yaxın illərdə Qırğızıstanda həqiqi parlament demokratiyasının qurulmasına nail olunarsa, o zaman dövlət quruluşunun bu modeli qonşu dövlətlərə də mühüm təsir göstərəcək.

"Bu səbəbdən də həm Qırğızıstanın daxilində, həm də onun hüdudlarından kənarda yeni idarəetmə sistemi və demokratik qüvvələr ciddi qarşıdurmalarla üzləşirlər", - Manntoyfel bildirib.

Politoloq hesab edir ki, Qırğızıstanda baş vermiş çevrilişlə yanaşı, Qazaxıstanın başa çatan 2010-cu ildə ATƏT-ə sədrliyini və regiondakı digər hadisələri də unutmaq olmaz.

"Mərkəzi Asiya ölkələri dairəsində ATƏT-ə nüfuzlu sədrlik Qazaxıstanın regiondakı lider mövqeyini möhkəmləndirdi", - o, hesab edir.

Lakin politoloqun fikrincə, ümumilikdə, Astananın sədrliyindən sonra təşkilatın güclənəcəyinə və 1999-cu ildən sonra onun təşkil etdiyi sammitə bəslənən ümidlər özünü doğrultmadı.

Qazaxıstanda bütün üzv ölkələrin dövlət və hökumət başçılarının, eləcə də 12 tərəfdaş ölkənin və 68 beynəlxalq təşkilatın rəhbərlərinin iştirakı ilə keçirilən ATƏT sammiti dekabrın 1-2-də baş tutub və sammitdə 11 il ərzində ilk dəfə yekun bəyannamə qəbul edilib.

Manntoyfel bildirib ki, görüşlərin nəticələri çox zəif olub. Beynəlxalq münaqişələrin həlli və ATƏT-in yenidən formalaşması üzrə fəaliyyət planının planlaşdırılan qəbulu iflasa uğrayıb və tamamilə aydındır ki, indi ATƏT təşkilat kimi iflic olub.

Onun fikrincə, hazırda bu vəziyyətin yaxşılaşdırılması perspektivləri görünmür, lakin buna görə məsuliyyəti təkcə Qazaxıstan rəhbərliyinin üzərinə qoymağa dəyməz . Buna naxmayaraq, etiraf etmək lazımdır ki, Qazaxıstan Rusiya ilə Qərb arasına öz üzərinə götürdüyü vasitəçilik rolunun öhdəsindən gələ bilmədi.

"Qırğızıstanda vəziyyət gərginləşən zaman Qazaxıstan qonşu, həm də ATƏT-ə sədrlik səlahiyyətlərini icra edən dövlət kimi hərəkət etmədi", - politoloq bildirib.

Manntoyfelin fikrincə, Mərkəzi Asiya üçün ilə yekun vurarkən Tacikistan haqda da bir neçə söz söyləmək lazımdır.

Birincisi, orada görünür, Əfqanıstandakı münaqişə fonunda islam qüvvələrindən gələn təhlükə artır, ikincisi, qaz sahəsində "Qazprom"un aktivliyinin güclənməsi sayəsində Tacikistanda Özbəkistanla daimi çəkişmələr nəticəsində yaranan enerji təchizatı ilə bağlı kövrək vəziyyət yaxın illərdə çox güman ki, yaxşılaşacaq.

"Mənim ümumi təsəvvürüm belədir: Mərkəzi Asiya ölkələri öz inkişaflarında bir-birlərindən daha çox uzaqlaşacaqlar, bununla yanaşı, özlərinin geosiyasi və geoiqtisadi vəziyyətlərinin yeni tələblərinə uyğunlaşmağa çalışacaqlar", - Manntoyfel bildirib.

Xəbər lenti

Xəbər lenti