...

Ermənistan konstruktivlik göstərmir və danışıqların növbəti illərə uzadılmasına çalışır - Azərbaycanın xarici işlər naziri (MÜSAHİBƏ)

Siyasət Materials 28 Dekabr 2010 17:31 (UTC +04:00)
Ermənistan tərəfi danışıq masası arxasında konstruktivlik göstərmir və danışıqların növbəti illərə uzadılmasına nail olmağa çalışır, lakin biz buna yol verə bilmərik.
Ermənistan konstruktivlik göstərmir və danışıqların növbəti illərə uzadılmasına çalışır - Azərbaycanın xarici işlər naziri (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Livanın "əl-Həvadis" jurnalına müsahibəsi

- Azərbaycanın müstəqil dövlət kimi dünya xəritəsinə yenidən qayıdışını nəzərə alaraq, Siz bu xəritədə ölkənizin mövqeyini və əlaqələr şəbəkəsini necə müəyyənləşdirirsiniz? Başqa sözlə, xarici siyasətinizi hansı əsaslar və hesablar üzərində qurursunuz?

- Azərbaycan Respublikasının müstəqil dövlət kimi xarici siyasətinin əsaslarını ölkənin milli maraqları, dinamik beynəlxalq münasibətlər sistemi, strateji coğrafi mövqe və təbii ehtiyatları kimi amillər təşkil edir. Bununla yanaşı, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü və bu təcavüzün nəticələrinin aradan qaldırılması istiqamətində aparılan iş Azərbaycan xarici siyasətinin ən mühüm prioriteti olaraq qalır.

Azərbaycan Respublikası öz milli maraqlarını təmin etmək üçün xarici siyasətini bütün ölkələrlə dinc, yanaşı yaşama, beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşaraq daxili işlərinə qarışmama, hərbi gücündən və iqtisadiyyatından asılı olmayaraq, beynəlxalq münasibətlər sistemində olan dövlətlərin suveren bərabərliyi, habelə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prinsiplərinə uyğun olaraq aparır.

Azərbaycan Respublikası öz milli maraqlarının təmin edilməsində beynəlxalq aləmdə gedən prosesləri nəzərə alaraq, həm qlobal, həm də regional səviyyədə mövcud təhlükəsizlik mühitinə uyğunlaşdırır.

- Xüsusilə, ərəb dövlətləri ilə əlaqələrinizi necə qiymətləndirirsiniz və bu əlaqələr hansı istiqamətlər üzrə inkişaf edir?

- Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün ərəb dövlətləri ilə əlaqələrimiz siyasi, iqtisadi və mədəni istiqamətlərdə uğurla inkişaf edir.

Hazırda ərəb ölkələrinin əksəriyyətində Azərbaycan Respublikasının səfirlikləri fəaliyyət göstərir. Misir, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Küveyt, Liviya, Mərakeş Krallığı, İraq və Fələstin ölkəmizdə öz səfirlikləri ilə təmsil olunurlar. Cari ilin sonuna kimi Azərbaycanda bir sıra digər ərəb ölkələrin səfirliklərinin də fəaliyyətə başlayacağı gözlənilir. Azərbaycan Prezidenti İlham Əliyevin əksər ərəb ölkələrində Azərbaycan səfirliklərinin təsis edilməsi haqqında qərarları ərəb dövlətləri ilə əlaqələrimizin daha da intensivləşməsinə ölkə başçımız tərəfindən xüsusi önəm verildiyini bir daha sübut edir.

Azərbaycan Prezidentinin ərəb dövlətlərinin rəhbərləri ilə dostluq əlaqələri ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın inkişafı üçün münbit şərait yaradır. Prezident İlham Əliyevin bir çox ərəb dövlətlərinə, bir sıra ərəb dövlət başçılarının ölkəmizə səfərləri, eləcə də parlament sədrləri, müxtəlif nazirlik rəhbərləri və digər səviyyələrdə həyata keçirilmiş qarşılıqlı səfərlər böyük əhəmiyyətə malikdir.

Azərbaycan Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası ilə əlaqələrinin gücləndirilməsində maraqlıdır və bu istiqamətdə səylər davam etdirilir.

Ölkəmiz Fələstin xalqı və hökumətinə daim siyasi və iqtisadi dəstək verib və bu dəstək gələcəkdə də davam etdiriləcək.

Azərbaycan İslam Konfransı Təşkilatına üzv dövlət kimi həmin təşkilatın bütün tədbirlərində fəal iştirak edir. Ölkəmiz İKT-nin bir çox tədbirlərinə layiqli ev sahibliyi edib. Keçən il isə Azərbaycan 13-cü İslam Konfransı Sammitinin 2014-cü ildə Bakıda keçirilməsini rəsmi şəkildə təklif edib.

Biz ölkəmizin başlıca problemi olan Azərbaycan Respublikasına qarşı Ermənistanın hərbi təcavüzü məsələsində əksər İslam ölkələri sırasında ərəb dövlətlərinin də daim dəstəyini hiss etmişik. Ərəb dövlətləri ardıcıl olaraq Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü dəstəkləmiş, onun torpaqlarının işğal edilməsinə qarşı çıxaraq prinsipial və ədalətli mövqe nümayiş etdirərək, sözügedən problemlə bağlı beynəlxalq təşkilatlar, xüsusilə BMT və İKT çərçivəsində keçirilən səsvermələrdə ölkəmizin ədalətli mövqeyini həmişə dəstəkləmişlər.

Lakin etiraf etməliyik ki, Azərbaycanla ərəb dövlətləri arasında iqtisadi əlaqələrin səviyyəsi mövcud siyasi əlaqələrin səviyyəsindən geri qalır. Məqsədimiz iqtisadi əlaqələrin səviyyəsini siyasi əlaqələr səviyyəsinə yüksəltməkdir.

Hesab edirik ki, Azərbaycanda neft və qeyri-neft sahələrinə sərmayələrin qoyulması üçün geniş imkanlar və hər cür şərait mövcuddur. Azərbaycanla ərəb ölkələri arasında iqtisadi-ticari əməkdaşlığın inkişafı, ərəb ölkələrinin işgüzar dairələrinin nümayəndələri, iş adamları və sərmayəçilərinin respublikamızın sosial-iqtisadi inkişaf layihələrində iştirakının genişləndirilməsinə və bu sahədə qarşılıqlı şəkildə biznes forumlarının keçirilməsinə ehtiyac var.

Bununla yanaşı, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinə böyük ehtiyac hiss olunur. Azərbaycanın mədəniyyət günlərinin ərəb ölkələrində təşkil edilməsi və qarşılıqlı olaraq ərəb xalqının zəngin mədəniyyətini Azərbaycan ictimaiyyətinə tanıtdırmaq qarşımızda duran başlıca vəzifələrdən biridir.

- Paralel olaraq, İsraillə diplomatik əlaqələriniz haqqında nə deyə bilərsiniz? Həmin əlaqələrlə ərəb dövlətləri ilə mövcud əlaqələrinizi necə balanslaşdırırsınız?

- Azərbaycan bir çox sivilizasiyaların qovuşduğu geosiyasi məkanda yerləşir və müxtəlif dini konfessiyaların fəaliyyət göstərdiyi çoxmillətli bir ölkədir. Sevindirici haldır ki, ölkəmiz tarix boyu möhkəm tolerantlılıq mühiti ilə tanınır və bu ənənə qorunaraq saxlanılır.

Qeyd edildiyi kimi, Azərbaycan sülhsevər dövlətdir və öz siyasətini bu prinsiplər əsasında quraraq, ölkəmizə və xalqımıza qarşı xoş münasibət bəsləyən bütün dövlətlərlə dostluq və əməkdaşlıq əlaqələrinə malikdir.

Azərbaycanda müxtəlif millətlərin nümayəndələri, o cümlədən uzun əsrlərdən bəri böyük yəhudi icması da yaşamış və yaşamaqdadır. Həmin icma uzun illərdir ki, ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır. Bir çox yəhudi əsilli Azərbaycan vətəndaşları İsrailə mühacirət etsələr də, tarixi vətənləri ilə əlaqəni kəsməmişlər. Qeyd olunmalıdır ki, İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərindən biri olub.

- Yaxın Şərqdə mövcud vəziyyətlə bağlı fikirləriniz nədən ibarətdir?

- Yaxın Şərqdəki vəziyyət bizi həmişə narahat etmiş və etməkdədir. Azərbaycan qardaş Fələstin xalqının sabit, azad və suveren Fələstin dövləti yaratmaq cəhdlərini həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir. Fələstin-İsrail münaqişəsinin sülh yollu ilə həlli istiqamətində atılan addımlar və birbaşa danışıqlar prosesinin bərpası regional sabitlik üçün də böyük əhəmiyyət kəsb edir.
Biz işğal olunmuş Cövlan yüksəkliklərində insanların çəkdiyi əziyyətlərdən dərin narahatlıq keçirərək, Suriyanın zəbt edilmiş torpaqları üzərində özünün tam suverenliyini bərpa etmək cəhdlərini və regionda davamlı və hərtərəfli sülhün saxlanılmasını dəstəkləyirik.

Eyni zamanda, Azərbaycan prinsipial olaraq Yaxın Şərqdə sülhün və sabitliyin bərpa edilməsi istiqamətində göstərilən bütün cəhdləri, o cümlədən İsrail-Fələstin münaqişəsinin həlli istiqamətində atılan addımları, İraqda sabitliyin bərpası və ölkənin bütövlüyünün qorunub saxlanması cəhdlərini, regionun nüvə silahından azad zonaya çevrilməsinə yönələn səyləri, Fələstində milli barışığın əldə olunması və sabitliyin qorunub saxlanması üçün aparılan müzakirələri dəstəkləyir və dünyada bütün problemlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdardır.

- Bu nöqteyi-nəzərdən sabit və dəyişkən olanlar nədən ibarətdir?

- Yaxın Şərqdə mövcud vəziyyətlə bağlı nöqteyi-nəzər ümumi, sabit və dəyişməz olmalıdır. Bu da region ölkələrinin milli maraqlarının təmin edilməsi, bütün problemlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllidir.

- Qonşu Ermənistanla Dağlıq Qarabağla bağlı aparılan nizamlanma prosesində hansı mərhələyə çatmısınız?

- Azərbaycan Respublikası müstəqilliyinin ilk günlərindən ölkəyə qarşı yönəldilmiş qonşu Ermənistanın işğalçı siyasəti ilə üzləşib. Erməni lobbisinin dəstəyi ilə həyata keçirilən bu siyasət nəticəsində bu gün Azərbaycan ərazilərinin 20 faizə yaxını Ermənistan tərəfindən işğal olunmuş, 1 milyona yaxın azərbaycanlı öz doğma torpaqlarından qovularaq etnik təmizləməyə məruz qalmış, işğal olunmuş ərazilərdə minlərlə tarixi, mədəni və İslam dininə aid abidələr dağıdılmış və qarət edilmiş, yüzlərlə şəhər, kənd və yaşayış məntəqəsi viran edilmişdir. Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, Ermənistanın təcavüzünü pisləmişlər. Bununla bağlı BMT-nin, İslam Konfransı Təşkilatının, Avropa Parlamenti, ATƏT-in və digər beynəlxalq təşkilatların çoxsaylı qətnamələrini qeyd etmək yerinə düşərdi.

Bu gün münaqişə tərəfləri - Ermənistan və Azərbaycan ATƏT-in Minsk qrupunun (Fransa, Rusiya və ABŞ təmsilçilərindən ibarət həmsədrlər qrupu) həmsədrliyi ilə danışıqları davam edir. Azərbaycan tərəfinin mövqeyi birmənalıdır və daim bəyan edilib - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər. Ermənistanın işğalçı qüvvələri bütün işğal olunmuş ərazilərdən çıxmalı, azərbaycanlı qaçqınlar və məcburi köçkünlər öz evlərinə qayıtmalı, regionda olan bütün infrastrukturlar və kommunikasiyalar bərpa olunaraq açılmalı və sonda Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları birgə Azərbaycanın daxilində öz müqəddəratını müəyyən etməlidirlər. Əfsuslan olsun ki, bu gün Ermənistan tərəfi danışıq masası arxasında konstruktivlik göstərmir və danışıqların növbəti illərə uzadılmasına nail olmağa çalışır, lakin biz buna yol verə bilmərik. Azərbaycanın ədalətli mövqeyinə dünya səviyyəsində dəstək verilir və bu dəstəkdə həm də ərəb dövlətlərinin böyük rolu var.

- Ölkənizlə İran arasında aparılmış məhbus mübadiləsinə dair son dövrlər kütləvi informasiya vasitələrinin milli xəbərlər agentliyinizə istinadən yaydığı məlumatların həqiqəti nədən ibarətdir, həmin məhbuslar arasında Livan vətəndaşları vardırmı?

- Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında 21 fevral 1998-ci ildə hüquqi yardım, təslim etmə və azadlıqdan məhrum edilən məhbusların cəza çəkməsi üçün verilməsi haqqında müqavilələr imzalanıb. Qeyd olunan müqavilələrə əsasən, iki ölkə arasında məhbusların mübadiləsi həyata keçirilir. Sözügedən mübadilələr Azərbaycan və İran vətəndaşlarına şamil olunur.

Xəbər lenti

Xəbər lenti