Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir T.Hacıyev/
Bəzi müxalifət partiyalarının "İctimai palata" adlı yeni qurum yaratmalarının Azərbaycandakı ictimai-siyasi proseslərə, ölkəmizin inkişafına zərrə qədər təsiri yoxdur və olmayacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova hakim Yeni Azərbaycan Partiyasının internet səhifəsinə verdiyi açıqlamasında bildirib.
"Yeni təşkilat onların xırda-para məşğuliyyətlərinin tərkib hissəsidir. Ona görə də bu məsələyə əhəmiyyət vermək lazım deyil", - Muradova əlavə edib.
Dekabrın 28-də Azərbaycanın müxalif Müsavat, AXCP, KXCP və digər partiyaları, parlament seçkilərində iştirak etmiş namizədlər və QHT nümayəndələri "İctimai palata" təsis ediblər. "İctimai palata"nın yaradılmasında məqsəd Azərbaycan cəmiyyətinin və dövlətinin mövcudluq və inkişaf strategiyası sahəsində tədqiqatlar aparmaq, layihələr (o cümlədən qanun layihələri), proqramlar, konsepsiyalar, doktrinalar hazırlamaq və ictimai müzakirələrə çıxarmaq, münasibət bildirilməsi zəruri olan məsələləri müzakirə etmək, dinləmələr keçirmək, hakimiyyət orqanlarına və digər şəxslərə sorğular vermək, göstərilən istiqamətlərdə Azərbaycan cəmiyyətinin siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün mütərəqqi nümayəndələrinin səylərini əlaqələndirmək və təşkilatlandırmaq məqsədi ilə demokratiya uğrunda vətəndaş hərəkatının təminidir.
Vitse-spikerin sözlərinə görə, müxalifətin yeni birliyinin tərkibində köhnələr cəmləşib.
"Bu fakt isə ad dəyişsə də, müxalifətin mahiyyətinin dəyişmədiyini göstərir. Ona görə də hansısa birliyin realaşmasını güman etmək çox sadəlövhlük olardı. Yəni bu birliyin gələcəyinin olmaması barədə çox konkret və aydın təsəvvür formalaşır", - o deyib.
Muradova hesab edir ki, həmin müxaliflərin kim olduğu Azərbaycan cəmiyyətinə yaxşı məlumdur.
"Bu düşərgədə ildə bir neçə dəfə yeni təşkilatın yaradılması ideyalarını kənardan müşahidə edəndə uşaqların "evcik-evcik" oyunu yada düşür. Onlar belə ideyaların heç zaman səmərə vermədiyini bilirlər. Parlament seçkilərindən öncə superpartiya yaratmaq ideyaları da var idi. Və bununla da cəmiyyəti "titrədəcəklərini" bəyan edirdilər. Amma birləşmə alınmadı və titrəyənlər də özləri oldu", - Muradova deyib.
Muradova onu da bildirib ki, həmin insanlar ictimai faydalı fəaliyyətlə məşğul olmurlar. "Neçə illərdir ki, bu cür imitasiya ilə məşğuldurlar. Düşünürəm ki, bu da onların cəmiyyətə nə iləsə məşğul olduqlarını göstərmək cəhdidir. Amma hesab edirəm ki, müxalifətin yeni "birliyi" növbəti bir neçə aylıq söz-söhbət mövzusundan başqa bir şey olmayacaq", - vitse-spiker əlavə edib.