...

Meksikanın nüfuzlu "The News" qəzetində Azərbaycan haqqında məqalə dərc olunub

Siyasət Materials 4 Yanvar 2011 10:59 (UTC +04:00)
Meksikanın nüfuzlu "The News" qəzetində Azərbaycan haqqında məqalə dərc olunub.
Meksikanın nüfuzlu "The News" qəzetində Azərbaycan haqqında məqalə dərc olunub

Azərbaycan, Bakı, 04 yanvar /Trend, müxbir T.Hacıyev/

Meksikanın nüfuzlu "The News" qəzetində Azərbaycan haqqında məqalə dərc olunub.

Bakıda səfərdə olan Meksikanın ölkədə ingilis dilində yeganə çap olunan nüfuzlu "The News" qəzetinin müxbiri Theresa Marqolis Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovdan müsahibə alıb. Trend-in Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyinə istinadən verdiyi məlumata görə, sözügedən müsahibə 2010-cu ilin 31 dekabr tarixində "The News" qəzetində "Azərbaycan Meksikanı vacib tərəfdaş kimi dəyərləndirir" başlıqlı geniş məqalə ilə dərc edilib.

Müsahibədə Azərbaycanın Latın Amerikası regionu ilə münasibətlərin genişləndirilməsində maraqlı olduğu, Azərbaycanın region ölkələrində yeni diplomatik nümayəndəliklərinin açıldığı qeyd edilib. Meksika ilə həm çoxtərəfli, həm də müqavilə-hüquq bazasının inkişaf etdirilməsi ilə ikitərəfli ticarət-iqtisadi əlaqələri, xüsusən də enerji sektorunda əməkdaşlıq perspektivlərindən də bəhs edilib.

Müsahibə zamanı, Azərbaycan xarici işlər naziri Məmmədyarov, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edildiyi, Xocalı faciəsi və Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin BMT və dünya ictimaiyyətinə çatdırılması üçün aparılan hüquqi proseslər və münaqişənin həlli istiqamətində davam edən danışıqlar haqda da "The News" qəzetini geniş məlumatlandırıb.

Münaqişənin diplomatik vasitələrlə həll edilməsi üçün imkanların hələki dükənmədiyini qeyd edən nazir bildirib ki, Azərbaycanın 20 faiz ərazilərinin işğalı faktı BMT tərəfindən qəbul edildiyinə baxmayaraq, qlobal siyasətdə bəzən ikili standartlar mövcuddur və məhz bu səbəbdən də beynəlxalq hüquq çərçivəsində, o cümlədən BMT-nin Əsasnaməsinə uyğun oalraq işğal edilmiş ərazilərini geri qaytarmaq üçün Azərbaycan bütün imkanlardan, o cümlədən hərbi vasitələrdən istifadə edəcəyini istisna etmir. 

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti