...

İranın İsveçdəki səfirliyi qarşısında azərbaycanlıların etiraz aksiyası keçiriləcək

Siyasət Materials 4 Fevral 2011 11:54 (UTC +04:00)
İsveç Azərbaycan Federasiyası (İAF) fevralın 6-da İran İslam Respublikasının Stokholmdakı səfirliyinin binası önündə etiraz aksiyası keçirəcək.
İranın İsveçdəki səfirliyi qarşısında azərbaycanlıların etiraz aksiyası keçiriləcək

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir T.Hacıyev/

İsveç Azərbaycan Federasiyası (İAF) fevralın 6-da İran İslam Respublikasının Stokholmdakı səfirliyinin binası önündə etiraz aksiyası keçirəcək.

İAF-dan cümə günü Trend-ə verilən məlumata görə, Federasiya bu ölkədə yaşayan azərbaycanlıları da Tehranın antiazərbaycan siyasətinə qarşı etiraz aksiyasında iştirak etməyə çağırır. Bununla bağlı İAF İsveçdə yaşayan azərbaycanlılara müraciət ünvanlayıb. Müraciətdə İranın müstəqillik əldə etdikdən bəri Azərbaycana qarşı nifrət və təxribat kampaniyaları həyata keçirdiyi bildirilib.

"Ermənistanın Azərbaycana təcavüzünə hərbi-texniki dəstək, Cənubi Azərbaycan məscidlərində erməni təcavüzkarlarının Qarabağda öldürdüyü azərbaycanlıları yad etməyi yasaqlamaq, Xəzər dənizində Azərbaycana qarşı hərbi güc tətbiq etmək, Azərbaycana dini fanatizm ixrac etmək üçün düşərgələr yaratmaq, "Səhər" dövlət telekanalından nifrət və yalan yağdırmaq iyirmi illik siyasətdən bir neçə örnəkdir", - müraciətdə qeyd olunub.

Müraciətdə Cənubi Azərbaycandakı vəziyyətə də toxunulub.

"Cənubi Azərbaycanda erməni məktəbləri, idman klubları, mətbuatı və nəşrlərinə icazə verən İran İslam Respublikası müsəlman türklərin varlıqlarını təmsil edə bilən hər hansı instituta qadağa qoyur və Azərbaycan ziyalılarına qarşı kütləvi məhkəmələr təşkil edir", - müraciətdə vurğulanıb.

Müraciətdə o da bildirilib ki, Federasiya Azərbaycan dövləti və İranda yaşayan azərbaycanlılara qarşı İran rejiminin yeritdiyi çirkin siyasəti kəskin ittiham edir və fevralın 6-sı saat 13:00-14:00 arasında Stokholmda İran səfirliyi qarşısında etiraz aksiyası keçirəcək.

Xəbər lenti

Xəbər lenti