...

Qvatemala Prezidenti Azərbaycana səfərə dəvət olunub

Siyasət Materials 14 Fevral 2011 10:44 (UTC +04:00)
Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov eyni zamanda Qvatemalada səfir təyin edilməsi barədə etimadnaməsini Qvatemala Prezidenti Alvaro Kolom Kabayerosa (Alvaro Colom Caballeros) təqdim edib. Bu barədə Trend-ə bazar ertəsi Azərbaycanın Meksikadakı səfirliyindən bildiriblər.
Qvatemala Prezidenti Azərbaycana səfərə dəvət olunub

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov eyni zamanda Qvatemalada səfir təyin edilməsi barədə etimadnaməsini Qvatemala Prezidenti Alvaro Kolom Kabayerosa (Alvaro Colom Caballeros) təqdim edib. Bu barədə Trend-ə bazar ertəsi Azərbaycanın Meksikadakı səfirliyindən bildiriblər.

Görüş zamanı səfir Muxtarov Azərbaycan Prezidenti İlham Əliyevin Qvatemala Prezidenti A.Kolom Kabayerosa salamlarını çatdırıb və Azərbaycanın dövlət başçısı adından onu ölkəmizə səfərə dəvət edib.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri, o cümlədən enerji sahəsində əməkdaşlıq imkanları, siyasi əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib. Səfir Prezident A.Kolom Kabayerosa Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin iqtisadi potensialı haqqında məlumat verib.

Muxtarov, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin həlli istiqamətində davam edən danışıqlar prosesi barədə Qvatemala Prezidentini məlumatlandırıb. Azərbaycanın 20 faiz ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi və münaqişə nəticəsində öz tarixi torpaqlarında qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyonadək azərbaycanlının haqlarının indiyədək pozulduğunu qeyd edən səfir, münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyini bildirib.

Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq məsələri müzakirə edilib. Səfir Qvatemalanın gənc diplomatları və enerji sahəsində ixtisaslaşan tələbələri üçün Azərbaycan Diplomatik Akademiyası və Azərbaycan Dövlət Neft Akademiyası tərəfindən həyata keçirilən təqaüdlü təhsil proqramlarında iştirak etmək imkanının olduğunu bildirib ki, bu da öz növbəsində Qvatemala Prezidenti tərəfindən maraqla qarşılanıb.

Səfir Muxtarov etimadnaməsinin surətini Qvatemalanın xarici işlər nazirinə də təqdim edib, həmçinin XİN-in digər rəsmiləri ilə bir sıra ikitərəfli görüşlər keçirib.

Səfir Muxtarov Qvatemalaya səfəri çərçivəsində bu ölkənin enerji və dağ-mədən sənayəsi naziri Romeo Auqusto Rodriqes və iqtisadiyyat nazirinin müavini Abel Kruzla görüşüb. Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən həyata keçirilən beynəlxalaq iqtisadi layihələr çərçivəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Səfir nazir Rodriqesi 2011-ci ilin iyun ayında Bakıda keçiriləcək "Xəzərin Nefti və Qazı Beynəlxalq Sərgi və Konfransı"da iştirak etməyə dəvət edib.

Səfir Muxtarov həmçinin Qvatemala Konqresinin sədr müavinləri Manuel de Xesus Barkin və Xose Qandara ilə görüşlər keçirib. Tərəflər iki ölkənin parlamentləri arasında siyasi əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti