...

Elmar Məmmədyarov Kubanın xarici işlər nazirini qəbul edib

Siyasət Materials 17 Fevral 2011 18:18 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Kuba Respublikasının xarici işlər naziri Bruno Rodriges Pariyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Kubanın xarici işlər nazirini qəbul edib

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Kuba Respublikasının xarici işlər naziri Bruno Rodriges Pariyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı XİN-in mətbuat xidməti yayıb.

Görüşdə Azərbaycan ilə Kuba arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib. Tərəflər ölkələr arasında münasibətləri tənzimləyən hüquqi bazanın genişləndirilməsinin zəruriliyini ön plana çəkərək bu istiqamətdə aparılan işlərin intensivləşdirilməsi qərarına gəliblər. Bunun üçün müxtəlif səviyyəli qarşılıqlı səfərlərin təşkilinin vacibliyi vurğulanıb.

Məmmədyarov Azərbaycanla Kuba arasında, xüsusilə, iqtisadi sahədə əməkdaşlığın genişlənməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. Təhsil sahəsində Azərbaycan ilə Kuba arasında SSRİ dövründən əməkdaşlığın aparıldığı bildirilərək, bir çox kubalı tələbələrin Azərbaycanın texniki və neft-qaz sahəsində ixtisaslaşan təhsil müəssislərində oxuduqları və məzun olduqları da qeyd olunub.

Ölkəmizə ilk dəfə səfər etməsindən məmnunluq ifadə edən nazir Bruno Rodriges Pariya Kubaya dair embarqo tətbiq edilməsi məsələsində BMT-də keçirilən səsvermədə Azərbaycanın tutduğu mövqeyi yüksək qiymətləndirərək, öz növbəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu, beynəlxalq hüququn norma və prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini arzulayıb. O, ölkəmizin dinamik şəkildə inkişafının şahidi olduğunu vurğulayaraq, Kubanın Azərbaycanla əməkdaşlıq etməsində maraqlı olduğunu bildirib. Kubalı qonaq tibb, turizm, energetika və digər sahələrdə iki ölkə arasında əməkdaşlığın genişlənməsinin vacibliyini qeyd edib.

Tərəflər çoxtərəfli münasibətlərdə qlobal və regional təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin mövcudluğunu ikitərəfli münasibətlərin inkişafının təzahürü kimi qiymətləndiriblər.

Xəbər lenti

Xəbər lenti