...

Liviyada bir neçə Azərbaycan vətəndaşı səfirliyə Vətənə qayıtmaq xahişi ilə müraciət edib - səfir

Siyasət Materials 22 Fevral 2011 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir S.Ağayeva/

Liviyada müvəqqəti yaşayan bir neçə Azərbaycan vətəndaşı ölkənin Tripolidəki səfirliyinə Vətənə qayıtmaq xahişi ilə müraciət edib. İndi diplomatik missiya bu məsələni həll edir. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov deyib.

"Bugünədək Liviyada Azərbaycan vətəndaşlarına hücum halları olmayıb, onlardan heç biri son hadisələr zamanı xəsarət almayıb, indi səfirlik imkan daxilində onların hamısını Vətənə göndərməyə çalışır", - səfir bildirib.

Diplomat vurğulayıb ki, bu gün ölkədə vəziyyət tədricən normallaşır. Liviyada Misirdən fərqli olaraq, əcnəbilərə qarşı hücumlar edilmir.

"Liviyada hakimiyyət və xalq arasında qarşıdurmanın ölkədə olan xarici vətəndaşlara heç bir aidiyyəti yoxdur", - o bildirib.

Bu gün Liviyada müvəqqəti yaşamaqla beynəlxalq neft şirkətlərində işləyən 15-16 Azərbaycan vətəndaşı var. Onlardan bəziləri səfirliyə Liviyadan təxliyə olunmaq xahişi ilə müraciət edib.

Hazırda Tripoli Beynəlxalq aeroportunda vəziyyət gərgindir, aeroport təyyarələri qəbul etmir, reyslərin çoxu ləğv edilib.

Bununla belə, Azərbaycan səfirliyi vəziyyəti nəzarət altında saxlayır, Liviyada olan bütün azərbaycanlılarla daima əlaqə yaradır və ilk imkan ələ düşən kimi soydaşlarımızı Vətənə yola salacaq.

Liviya əyalətlərində ölkəni 42 ildir idarə edən Müəmmər Qəddafinin istefası ilə bağlı aksiyalar fevralın 15-dən davam edir. Hüquq müdafiəsi təşkilatı "Human Rights Watch"un məlumatına görə, bu günlər ərzində nümayişçilərin qanun keşikçiləri ilə toqquşmaları nəticəsində azı 233 nəfər həlak olub. Rəsmi hakimiyyət 84 nəfərin həlak olmasını təsdiqləyir. Məlumatı RİA Novosti yazır.

Səfirlikdə soydaşlarımızla əlaqə üçün 0021 821 360 81 92 və 0021 821 361 81 49 telefonu üzrə "qaynar xətt" yaradılıb. Soydaşlarımız problemlərin yaranacağı təqdirdə, "qaynar xətt" vasitəsilə istənilən vaxt səfirliyə məlumat verə bilərlər.

Xəbər lenti

Xəbər lenti