...

İctimai Palata üzvləri arasında qarşıdurma yaranıb

Siyasət Materials 1 Mart 2011 15:15 (UTC +04:00)
Xaliq Bahadırın psixoloji problemləri var. Bunu çərşənbə axşamı Trend-ə İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn deyib.
İctimai Palata üzvləri arasında qarşıdurma yaranıb

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir T.Hacıyev/

Xaliq Bahadırın psixoloji problemləri var. Bunu çərşənbə axşamı Trend-ə İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Xaliq Bahadırın mətbuata verdiyi müsahibəsində onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

"Zaman-zaman müxtəlif adamlar haqqında da bu cür informasiyaların yayıldığını eşitmişik. İndi də o cür məlumatları yaymağa çalışırlar. Xaliq Bahadırın son zamankı yazılarını da nəzərdən keçirəndə görmək olur ki, o, psixoloji problemlə yaşayır. Ona görə də Bahadırın səsləndirdiyi ittihamlara münasibət bildirməyi məqsədəuyğun saymıram və əhəmiyyət vermək fikrində deyiləm", - Hüseyn bildirib.

AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadır çərşənbə axşamı mətbuata verdiyi müsahibədə Pənah Hüseynin ünvanına sərt ittihamlar səsləndirib.

Bahadır hesab edir ki, Pənah Hüseyn İctimai Palatanın Koordinasiya Şurasından getməlidir. AXCP üzvü deyib ki, ya Hüseyn Koordnasiya Şurasından gedəcək, ya da o, özü İctimai Palatadan çıxacaq.

Bahadırın bu fikirlərinə münasibət bildirərkən Hüseyn qeyd edib ki, İctimai Palatada qalıb-qalmamaq Bahadırın öz seçimidir.

Azərbaycanda 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra seçkilərin nəticələrindən narazı qalan partiyalar və namizədlər İctimai Palata təsis ediblər.

Pənah Hüseynin fikirlərinə münasibət bildirərkən Xaliq Bahadır qeyd edib ki, adamların psixi durumunun necə olduğunu bilmək üçün həmin adamın bioqrafiyasına baxmaq lazımdır.

"Pənah Hüseyn bir vaxtlar deyirdi ki, liberal demokratdır. Sonradan islamçı demokrat olduğunu bildirib. Bir müddət keçdikdən sonra özünü inqilabçı adlandırıb", - Bahadır Trend-ə deyib.

O, qeyd edib ki, Pənah Hüseyn Heydər Əliyevin hakimiyyətə gəlməsinin təşəbbüskarlarından biri olub və bunu Hüseynin özü də mətbuata açıqlamasında bildirib.

"O, bir yandan Heydər Əliyevin hakimiyyətə gəlməsinin təşəbbüskarı olduğunu deyir, digər tərəfdən də ona qarşı müxalifətdə dayanır. Məncə, bütün bu sadaladığım faktlar onun psixoloji durumu barədə məlumat verir", - Bahadır vurğulayıb.

AXCP funksioneri qeyd edib ki, Pənah Hüseyn haqqında bir çox informasiyalara malikdir və lazım olduğu təqdirdə həmin informasiyaları yaya bilər.

Xəbər lenti

Xəbər lenti