Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir T.Hacıyev/
İctimai Palata baş qatmaq üçün yaradılan bir qurumdur. Bu barədə cümə axşamı Trend-ə müxalif Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.
Oruc hesab edir ki, orada təmsil olunan partiyalar müəyyən təsirlər altındadır. Onun sözlərinə görə, həmin təsirlər əsasən beynəlxalq güclər tərəfindən olan təsirlərdir.
"İctimai Palatada təmsil olunan şəxslər ABŞ-ın adını çəkməyə belə qorxurlar. ABŞ-ın Azərbaycanla bağlı hansısa siyasətini tənqid etməkdən çəkinirlər. Bizdə isə belə komplekslər yoxdur. Azərbaycanın marqları nəyi tələb edirsə, həmin xəttin üzərindəyik", - Oruc əlavə edib.
Orucun sözlərinə görə, İctimai Palatanın keçirilən yığıncaqlarına orada təmsil olunan bütün QHT-lər özlərinin layihəsi kimi baxırlar və bu laihələrdən necə və hansı formada qrant pulları alacaqları barədə düşünürlər.
İctimai Palatanın koordinasiya şurasının üzvü Ənnağı Hacıbəyli Trend-ə açıqlamasında bildirib ki, Əhməd Orucun səsləndirdiyi fikirlər tamamilə əsassızdır və həqiqətəuyğun deyil.
"Artıq beş aydır ki, bu təşkilat fəaliyyət göstərir. İndiyə kimi hər hansı təşkilatdan İctimai Palataya maliyyə yardımı göstərilməyib. Palatanın iclasları Müsavat Partiyasının qərargahında, koordinasiya şurasının tədbirləri isə ayrı-ayrı partiyaların qərargahlarında keçirilir. Bu isə tamamilə maliyyə vəsaiti tələb etməyən bir işdir. Burada hansısa xarici təsirdən və ya maliyyələşmədən söhbət gedə bilməz", - Hacıbəyli deyib.
Azərbaycanda 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra seçkilərin nəticələrindən narazı qalmış namizədlər İctimai Palata adlı kollegial qurum yaradıblar. Palatada müxtəlif siyasi partiya və QHT nümayəndələri, bitərəf şəxslər təmsil olunur.