Azərbaycan, Bakı, 30 mart /Trend/
"Erməni soyqırımı" adlandırılan problem elmi xarakterli mübahisəli məsələdir və onun həlli parlamentarilərin səlahiyyətlərinə daxil deyil. Bu barədə çərşənbə axşamı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mehmet Əli Şahin bildirib. Trend-in məlumatına görə, xəbəri "Anadolu" agentliyi yayıb.
"Keçmişdə kədərli hadisələr baş verib. Həmin hadisələr nəticəsində ermənilər, türklər və digər xalqların nümayəndələri böyük itkilər veriblər, lakin bu məsələnin qərəzsiz akademik araşdırılması aparılmalıdır", - Şahin Fransa Senatının nümayəndəsi Jan Bize ilə görüşündə bildirib.
Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.
Şahinin sözlərinə görə, il yarım əvvəl İsveçrədə imzalanan, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına dair protokollar çərçivəsində bu məsələlərin araşdırılması üzrə birgə komissiyanın yaradılması razılaşdırılıb.
2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin yaxşılaşdırılmasına dair protokollar imzalanıb.
Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.
Protokolların qəbul edilməsindən sonra Ermənistanın Konstitusiya Məhkəməsi 1915-ci il hadisələrini araşdırılması üçün birgə komissiyanın yaradılmasına ehtiyac olmadığını və Ermənistanın heç vaxt "soyqırım" ilə bağlı iddialarından əl çəkməyəcəyini bəyan edib.
Ötən il aprelin 22-də Ermənistan prezidenti Serj Sarkisyan xalqa müraciətində protokolların ratifikasiyasının dondurulduğunu bildirib.