...

MTN-in Akademiyasında 31 mart - azərbaycanlıların soyqırımı günü anılıb

Siyasət Materials 31 Mart 2011 18:08 (UTC +04:00)
MTN-in İctimai əlaqələr mərkəzindən Trend-ə verilən məlumata görə, çıxış edən məruzəçilər bildiriblər ki, mürəkkəb və keşməkeşli dövr sayılan XX əsr artıq tarixə çevrilsə də, bu yüzillik ərzində çəkdiyimiz ağrılar, üzləşdiyimiz faciələr, xüsusən də torpaqlarımıza köçürülmüş gəlmə ermənilərin vəhşilikləri yaddaşımıza əbədi olaraq həkk edilib, dərin izlər buraxıb.
MTN-in Akademiyasında 31 mart - azərbaycanlıların  soyqırımı günü anılıb

Azərbaycan, Bakı, 31 mart /Trend/

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 31 mart azərbaycanlıların soyqırımı günü anılıb.

MTN-in İctimai əlaqələr mərkəzindən Trend-ə verilən məlumata görə, çıxış edən məruzəçilər bildiriblər ki, mürəkkəb və keşməkeşli dövr sayılan XX əsr artıq tarixə çevrilsə də, bu yüzillik ərzində çəkdiyimiz ağrılar, üzləşdiyimiz faciələr, xüsusən də torpaqlarımıza köçürülmüş gəlmə ermənilərin vəhşilikləri yaddaşımıza əbədi olaraq həkk edilib, dərin izlər buraxıb.

Qeyd olunub ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan üçün gördüyü çoxsahəli və misilsiz işlərin içərisində 1998-ci ildə imzaladığı tarixi əhəmiyyətli fərmanla 31 martın azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunması xüsusi əhəmiyyət kəsb edir.

Bu fərmanla təxminən 200 ilə qədər müddət ərzində soyqırıma məruz qalmış xalqımızın səsi, ona qarşı məqsədyönlü şəkildə törədilmiş və bu gün də törədilən vəhşiliklərin və vandalizm faktlarının mahiyyəti tarixi araşdırmalar nəticəsində dünya azərbaycanlılarına, bütün bəşər övladına ilk dəfə olaraq bəyan olunub.

Bu, həm də dünyanın bütün insansevərlərinin Azərbaycan xalqı ilə həmrəy olmasına, beynəlxalq aləmə isə belə hadisələrin gələcəkdə bir daha təkrarlanmasının qarşısını almaq üçün bir çağırış idi. Eyni zamanda, xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş cinayətlərə siyasi-hüquqi qiymətin və milli tariximizə obyektiv münasibətin təzahürü, eləcə də soyqırım qurbanlarının xatirəsini əbədiləşdirən addım idi.

"Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.

Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir", - fərmanda qeyd olunur.

Bildirilib ki, qanlı 31 mart soyqırımından yüz il keçsə də, bu tarixi ədalətsizliyin vurduğu mənəvi zərbəni xalqımızın indiki nəsli heç vaxt yaddan çıxarmamalıdır. Gələcək nəsillər bu soyqırımdan xəbərdar olmalıdırlar, çünki tarixi yaddaşsızlıq həqiqətən hər bir xalq, millət üçün faciəvi nəticələrə gətirib çıxarır. Ulu öndər Heydər Əliyev demişdir: "Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər.

Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir.

Natiqlər bildiriblər ki, bu gün Heydər Əliyev idarəçilik məktəbinin layiqli təmsilçisi, onun müdrik, uzaqgörən, çevik daxili və xarici siyasətini inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə çalışır.

Məhz möhtərəm Prezidentin titanik fəaliyyəti nəticəsində adıçəkilən problem dünyanın bütün mötəbər təşkilatlarının, dövlətlərinin, beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və Türk Diaspor təşkilatları rəhbərlərinin I forumunda Azərbaycan Prezidenti İlham Əliyev çıxışında əsrlərlə davam edən erməni təcavüzü, azərbaycanlıların və türklərin soyqırımı məsələlərinə toxunaraq demişdir: "...qurbanlar heç vaxt unudulmayacaq, onların əziz xatirəsi dərin hüzn və ehtiramla yad ediləcəkdir".

Akademiyanın kursantları və dinləyiciləri inamla və qətiyyətlə bildiriblər ki, belə faciələrin bir daha baş verməməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin iqtisadi və hərbi qüdrətinin yüksəlməsi üçün daim Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşəcək, onun apardığı daxili və xarici siyasəti dəstəkləyəcəklər.

Sonda şəxsi heyətə erməni terrorunu ifşa edən "Yalan haqqında həqiqət" sənədli filmi nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti