...

Azərbaycan və Yunanıstanın enerji sahəsində əməkdaşlığı yeni mərhələyə qədəm qoyacaq - Prezident İlham Əliyev (FOTO)

Siyasət Materials 5 Aprel 2011 15:28 (UTC +04:00)
Aprelin 5-də təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstan Prezidenti Karolos Papulyasın geniş tərkibdə görüşü keçirilib.
Azərbaycan və Yunanıstanın enerji sahəsində əməkdaşlığı yeni mərhələyə qədəm qoyacaq - Prezident İlham Əliyev (FOTO)

Şəkillər əlavə olunub (İlk xəbər 13:50-də yayılıb)

Aprelin 5-də təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstan Prezidenti Karolos Papulyasın geniş tərkibdə görüşü keçirilib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib:

"Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Mən Sizi ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz! Ölkələrimiz arasında əlaqələr çox sürətlə inkişaf edir və əminəm ki, Sizin səfəriniz bu əlaqələrin inkişafında mühüm mərhələ olacaq. Siyasi əlaqələrimiz inkişafdadır və Sizin səfəriniz bunun bariz nümunəsidir. İqtisadi sahədə gözəl perspektivlər vardır və hökumətlərarası komissiya çox uğurla fəaliyyət göstərir. Enerji sahəsində əməkdaşlığın artıq gözəl ənənələri vardır və ümid edirəm ki, yaxın zamanlarda bu əlaqələr yeni mərhələyə qədəm qoyacaqdır. Eyni zamanda, bu gün biz Sizinlə insanlar arasındakı əlaqələr haqqında da fikir mübadiləsi apardıq və biz çox maraqlıyıq ki, vətəndaşlarımız bir-birilərini daha da yaxşı tanısınlar və beləliklə, əlaqələrimiz daha da çoxşaxəli olsun və əməkdaşlığın nəticələri daha da böyük olsun.
Mən əminəm ki, Sizin səfəriniz çox uğurlu keçəcək, səfərin çox gözəl nəticələri olacaq və səfərdən sonrakı dövrdə Yunanıstan və Azərbaycan birlikdə çox böyük işlər görəcəklər.
Bir daha Sizi səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz".

Yunanıstanın Prezidenti Karolos Papulyas səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib:

"Çox sağ olun, cənab Prezident! Bizə göstərilən səmimi qonaqpərvərliyə görə şəxsən öz adımdan və Yunanıstan nümayəndə heyəti adından Sizə dərin minnətdarlığımı bildirirəm. Mən, sadəcə, Sizin burada dediyiniz sözləri bir daha təkrar etmək istəyirəm ki, bizim münasibətlərimizin gələcəyi parlaqdır. Təkbətək görüş zamanı əməkdaşlığımızın vacibliyi vurğulandı. Sizin Afinaya etdiyiniz rəsmi səfər böyük əhəmiyyət kəsb edir və bu, əslində, münasibətlərimizin inkişafında yeni bir mərhələyə çevrildi. İndi isə mən Sizin ölkənizdə səfərdəyəm və mən də ümidvaram ki, bu səfərim münasibətlərimizin inkişafına yeni təkan verəcək".

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi intetnet saytı

Xəbər lenti

Xəbər lenti