...

Azərbaycan qadınları ölkənin ictimai-siyasi həyatında və demokratik quruculuğunda fəal rol oynayır - deputat

Siyasət Materials 14 Aprel 2011 20:24 (UTC +04:00)
Azərbaycan dövlətinin yaratdığı əlverişli mühit sayəsində qadınlar ictimai-siyasi həyatda və ölkənin demokratik quruculuğunda fəal rol oynayır.
Azərbaycan qadınları ölkənin ictimai-siyasi həyatında və demokratik quruculuğunda fəal rol oynayır - deputat

Fransa, Strasburq, 14 aprel /Trend, müxbir A.Məhərrəmli/

Azərbaycan dövlətinin yaratdığı əlverişli mühit sayəsində qadınlar ictimai-siyasi həyatda və ölkənin demokratik quruculuğunda fəal rol oynayır. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın yaz plenar sessiyasının dördüncü iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Şəhla Qəfərova "Avropanın kənd mühitində qadınlar" adlı məruzə ətrafında çıxışı zamanı deyib.

Millət vəkili çıxışında Azərbaycanda aparılan gender siyasəti və Ermənistanın işğalı nəticəsində Azərbaycan qadınlarının üzləşdiyi problemlərdən danışıb.

"Azərbaycan dövləti tərəfindən yaradılmış əlverişli şərait sayəsində, cəmiyyətdə, onun ictimai-siyasi həyatında və ölkənin demokratik quruculuğunda fəal rol oynayan qadınlarımız ölkənin inkişafı üçün əllərindən gələni edirlər. Hazırda Azərbaycanın gender siyasətinin əsas prioritetlərindən biri kənd mühitində yaşayan qadınların ölkənin ictimai həyatına inteqrasiyası və onların məşğulluğudur. Bu istiqamətdə müəyyən proqramlar həyata keçirilir və bir çox işlər artıq görülüb. Bundan başqa, Azərbaycan hökuməti onların iqtisadi-siyasi sferada öz potensiallarını üzə çıxarmaq üçün bütün lazımi imkanları yaradır. Qadınlara özlərinə biznes qurmaları üçün zəruri şəraitlər yaradılır. Kənd yerlərində yaşayan Azərbaycan qadınlarının əksəriyyəti cəbhə zonasında yaşayırlar. Onlar burada bir çox böyük problemlərlə üzləşirlər. Çox təəssüf edirəm ki, bu problemlər dinlədiyimiz bu hesabatda öz əksini tapmayıb", - o deyib.

Azərbaycan nümayəndə heyətinin üzvübildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə qadın və uşaq qətlə yetirilib və indi də orada yaşayan qadınların hər gün adi hüquqları pozulur.

"Minlərlə qadın öz yurdlarından qaçqın düşüb və indiyə kimi öz ölkələri daxilində qaçqın həyatı yaşayırlar. Atəşkəsin olmasına baxmayaraq, bu bölgədə ermənilər tərəfindən atəşkəs demək olar ki, hər gün pozulur. Cəbhə xəttində erməni snayperlərinin yerləşməsi səbəbindən Azərbaycan qadınları qorxu içərisində yaşayırlar. Buna misal olaraq, bu yaxınlarda 9 yaşlı Fariz Bədəlovun erməni snayperləri tərəfindən qətlə yetirilməsini göstərmək olar. Bu fakt da qadınlarımızın, analarımızın nə qədər qorxu içində yaşadığını sübut edir. Bu, bir ananın faciəsidir. Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal olunub. İndiyədək Ermənistan BMT, AŞ, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlara məhəl qoymur və öz işğalını davam etdirir. Bu məsələni ona görə qaldırıram ki, bu təkcə Azərbaycanın məsələsi deyil. Belə məsələləri müzakirə etməsək, ümumilikdə hesabatda əks olunan problemlərin həllində çətinliklər olacaq", - Qəfərova deyib.

Xəbər lenti

Xəbər lenti