...

Əli Həsənov: Azərbaycanda sərbəst toplaşmaq azadlığı üçün hər cür şərait yaradılıb

Siyasət Materials 22 Aprel 2011 15:38 (UTC +04:00)
Azərbaycanda sərbəst toplaşmaq, azad düşünmək, söz və mətbuat azadlığı üçün hər cür şərait yaradılıb.
Əli Həsənov: Azərbaycanda sərbəst toplaşmaq azadlığı üçün hər cür şərait yaradılıb

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda sərbəst toplaşmaq, azad düşünmək, söz və mətbuat azadlığı üçün hər cür şərait yaradılıb. Bunu cümə günü Trend-ə müsahibəsində bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda sərbəst toplaşmaq hüququnun pozulmasına dair səsləndirilən fikirlərə münasibət bildirərkən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Bu bəyanatların heç bir əsası yoxdur. Azərbaycanda sərbəst toplaşmaq, azad düşünmək, söz və mətbuat azadlığı, informasiya fəaliyyəti ilə məşğul olmaq - bunların hamısı Azərbaycanın konstitusion normalarıdır. Bu institutların fəaliyyəti üçün Azərbaycanda hər cür şərait yaradılıb və Azərbaycanın demokratik dövlət quruculuğu prosesinin ayrılmaz tərkib hissəsidir", - Həsənov deyib.

PA rəsmisi təəssüf edir ki, beynəlxalq təşkilatlar bəzən mahiyyətinə varmadan, ayrı-ayrı subyektiv mənbədən daxil olan informasiyanın nəticəsində belə rəylər verirlər.

"Əgər nəzərdə tutulursa ki, qeyri-qanuni aksiyaların qarşısı alınıb, bu, belədir və gələcəkdə də belə olacaq. Azərbaycan hüquqi dövlətdir. Burada hüquqi normalar hər şeydən üstün tutulur. Qanuni aksiyalara dövlət şərait yaradır, həmin aksiya iştirakçılarının təhlükəsizliyi təmin olunur, qeyri-qanuni aksiyaların isə qarşısı alınıb, alınır və bundan sonra da alınacaq. Buna görə də beynəlxalq təşkilatlar gərək bizə qarşı bu və ya digər çağırışlarda olmasınlar. Ancaq real şəkildə Azərbaycanda bu fundamental hüquqlar məhdudlaşdırılsa, buyursunlar, bu məsələni müzakirə edək", - Əli Həsənov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanda bəlli yerlərdə, şəhər nəqliyyatının, şəhər əhalisinin hərəkətini, dinamik şəhər həyatının ahəngini pozmayan yerlərdə belə aksiya keçirilməsinə şərait həmişə yaradılıb, bundan sonra da yaradılacaq.

"Azərbaycanda hər hansı seçkinin olmadığı bir zamanda bəzi müxalifət partiyalarının "fəallaşmaq" cəhdləri hansı amillərlə bağlı ola bilər" sualına cavabında isə PA rəsmisi qeyd edib ki, onlar cəmiyyətin tələbatından, sosial sifarişdən deyil, ayrı-ayrı ölkələrdə baş verən proseslərin təsirindən çıxış edərək bugünkü mitinq cəhdlərinə qalxıblar.

"Faktiki olaraq onlar bilirlər ki, bu gün Azərbaycanda hakimiyyətə qarşı hər hansı ciddi aksiyalar keçirməyə, hakimiyyət çevrilişinə nail olmağa və yaxud hansısa şəkildə hakimiyyətə gəlməyə heç bir sosial dayaqları, sosial sifarişləri və əhalinin onları dəstəkləyəcək birliyi yoxdur. Sadəcə olaraq onlar ayrı-ayrı ölkələrdə baş verən proseslərin təsiri altında bu işləri həyata keçirirlər və sonda bu, onların məğlubiyyətinə gətirib çıxarır, belə də olmalıdır", - Əli Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti