...

İordaniya Azərbaycan ilə iqtisadi münasibətlərin səviyyəsini yüksəltmək niyyətindədir - səfir

Siyasət Materials 20 May 2011 16:07 (UTC +04:00)
Azərbaycan və İordaniya arasında ikitərəfli siyasi münasibətlər ən yüksək səviyyədədir və İordaniya tərəfi iqtisadi münasibətləri də həmin səviyyəyə qaldırmaq niyyətindədir.
İordaniya Azərbaycan ilə iqtisadi münasibətlərin səviyyəsini yüksəltmək niyyətindədir - səfir

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir S.Ağayeva/

İkitərəfli əməkdaşlıq

Azərbaycan və İordaniya arasında ikitərəfli siyasi münasibətlər ən yüksək səviyyədədir və İordaniya tərəfi iqtisadi münasibətləri də həmin səviyyəyə qaldırmaq niyyətindədir. Bu barədə İordaniyanın Azərbaycandakı səfiri Adil Məhəmməd Adayla bildirib.

İordaniya 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub.

İki ölkənin münasibətləri İordaniya Kralı I Hüseynin və Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin vaxtında inkişaf etməyə başlayıb, sonradan bu münasibətlər Kral II Abdullah və Prezident İlham Əliyevin dövründə daha da möhkəmlənib. Bu barədə Adayla İordaniyanın milli bayramı - Müstəqillik Günü ərəfəsində Trend-ə müsahibəsində bildirib.

Diplomat bildirib ki, iki dövlət rəhbərinin səyləri sayəsində Azərbaycan-İordaniya münasibətləri yüksək templərlə inkişaf etməyə başlayıb və qısa müddət ərzində yüksək səviyyə qalxıb.

"2007-ci ildə hər iki ölkə öz səfirliklərini açıb və bu, iki ölkə arasında siyasi, iqtisadi və humanittar münasibətlərin daha da genişləndirilməsinə xidmət edib", - o vurğulayıb.

Hazırda Azərbaycan və İordaniya arasında 40-a yaxın hökumətlərarası və idarələrarası sazişi nəzərdə tutan yaxşı müqavilə-hüquq bazası yaradılıb.

"İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İordaniya hökumətlərarası komissiyası fəaliyyət göstərir. Onun fəaliyyəti əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verir", - Adayla hesab edir.

Bu komissiyanın ilk iclası ötən il Əmmanda keçirilib, ikinci iclas isə bu il Bakıda keçiriləcək.

"Səfirlik öz tərəfindən iki ölkənin bütün sahələrdə əməkdaşlığının inkişafı üçün əlindən gələni edir", - səfir əlavə edib.

Ticari-iqtisadi münasibətlər

"Azərbaycan və İordaniyanın ticari-iqtisadi münasibətləri hazırda lazımi səviyyədə deyil", - İordaniya səfiri hesab edir.

Onun sözlərinə görə, bunun obyektiv səbəbləri var və bu, ilk növbədə, böyük məsafə ilə bağlıdır.

"Hər iki ölkənin işgüzar adamları birbaşa əlaqələr qurmaq üçün risk etmirlər. İki ölkənin hökumətləri əməkdaşlıq sahəsində onlar qarşısında duran problemlərin həlli üçün əllərindən gələni edirlər", - səfir qeyd edib.

"İqtisadi əməkdaşlığın inkişafı üçün yaxşı baza yaratmaq lazımdır və burada böyük rolu kommunikasiyalar oynayır, ölkələr arasında birbaşa hava əlaqəsinin olmaması isə müəyyən çətinliklər yaradır. Hazırda İordaniya tərəfi Bakı-Əmman-Bakı aviareysinin bərpası imkanını müzakirə edir", - səfir əlavə edib.

Bir neçə müddət bundan əvvəl İordaniyanın özəl aviaşirkətlərindən biri Bakı və Əmman arasında uçuşlar həyata keçirirdi, lakin qeyri-rentabellik baxımından reyslər dayandırıldı. İndi tərəflər Bakı-Əmman marşrutunun yaxın ölkələrin paytaxtlarından birinə uzadılması sayəsində aviaxəttin bərpası imkanını müzakirə edirlər.

Turizm

Turizm iki ölkənin əməkdaşlığında prioritet sahələrdən biridir. Səfir hesab edir ki, onu indiyədək lazımi səviyyəyə qaldırmaq mümkün olmayıb.

Onun sözlərinə görə, İordaniya vətəndaşları ölkədə qiymətlərin yüksək olması səbəbindən Azərbaycana turist səfərlərinin həyata keçirilməsində bir sıra çətinliklərlə üzləşirlər.

"İordaniyanın bəzi turizm şirkətləri Azərbaycana turizm səfərlərinin təşkilində maraqlıdırlar, lakin mövcud qiymətlər fonunda onlar hələlik iordaniyalıları buraya cəlb etməyə nail ola bilməyiblər", - diplomat deyib.

Səfir, həmçinin Azərbaycanda "Turizm ili"nin elan olunması çərçivəsində ölkə hökumətinin turistlərin ölkəyə cəlb edilməsi üçün müəyyən addımlar atacağına ümidvar olduğunu ifadə edib.

Enerji əməkdaşlığı

İordaniya Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır və səfir enerji sektorunu prioritet sahələrdən biri hesab edir.

"İordaniya bu sahədə Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclası zamanı İordaniya tərəfi Azərbaycan qazının alınmasına marağını ifadə edib və hazırda bu məsələyə baxılır", - diplomat bildirib.

Səfir əlavə edib ki, bu gün İordaniyanın sutka ərzində neftə tələbatı 100 min barel, qazа isə 70 milyon kubmetr təşkil edir və ölkə gələcəkdə Azərbaycanın hesabına öz tələbatının bir hissəsini təmin etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti