...

Azərbaycanın Respublika Günü Küveytdə qeyd olunub (FOTO)

Siyasət Materials 26 May 2011 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir T.Hacıyev/

28 may - Respublika Günü və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü Küveytdə qeyd olunub. Bu münasibətlə Küveytdə rəsmi ziyafət təşkil olunub. Bu barədə Trend-ə Azərbaycanın Küveytdəki səfirliyindən məlumat verilib.

Tədbirə Küveytin hakim ailəsinin üzvləri, Nazirlər Kabinetinin və Parlamentinin nümayəndələri, Əl-Küveyt şəhərinin valisi, tanınmış ictimai xadimlər, nüfuzlu biznesmenlər, ölkədə akkreditə olunmuş diplomatik korpus rəhbərləri, burada yaşayan, işləyən azərbaycanlılar, kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət ediliblər.

Tədbirin fəxri qonağı Küveyt Dövlətinin təhsil naziri Əhməd Əbdül Muhsin Əl-Marafi ölkə başçısı Əmir Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabahın və Baş nazir Şeyx Nasir Əl-Məhəmməd Əl-Sabahın salamlarını və səmimi təbriklərini səfir Tural Rzayevə çatdırıb. Nazir iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin sürətlə inkişafından məmnunluq duyduğunu bildirib. O, Küveyt Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabahın, Vəliəhd Şeyx Navaf Əl-Əhməd Əl-Cabir-Əl-Sabahın və Baş nazir Şeyx Nasir Əl-Məhəmməd Əl-Sabahın səmimi təbriklərinin, salamlarının, dərin ehtiramlarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını səfirdən xahiş edib.

Səfir Tural Rzayev 2011-ci ildə Küveytdə iki ölkə arasında hökumətlərarası komissiyanın ilk iclasının keçirildiyini, üç sənədin imzalandığını, Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, füsunkar təbiətini əks etdirən üç sərginin keçirildiyini və may ayında ölkə ictimaiyyəti tərəfındən rəğbətlə qarşılanan və geniş əks-səda yaradan Azərbaycan Mədəniyyəti Günlərinin uğurla təşkil edildiyini vurğulayıb. Daha sonra Küveytin təhsil naziri və səfir Rzayev tədbirdə iştirak edən kütləvi informasiya vasitələri nümayəndələrinin suallarnı cavablandırıblar.

Bu il Küveyt Dövlətinin Səddam Hüseyn işğalından azad olunmasının 20-ci ildönümünün qeyd edildiyinə diqqət çəkən səfir Küveyt xalqının işğalın nə oldugunu yaxşı bildiyini qeyd edib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar prosesində Azərbaycanın haqlı, ədalətli mövqeyini dəstəklədiyinə görə Küveyt rəhbərliyinə təşəkkürünü bildirib. Rzayev Ermənistanın sülh danışıqları prosesindəki destruktiv mövqeyini nəzərə çatdırıb.

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Navaf Əl-Əhməd Əl-Cabir-Əl-Sabah, Baş nazir Şeyx Nasir Əl-Məhəmməd Əl-Sabah, Parelamentinin sədri Əl-Xarafı bayram münasibətilə səfirliyimizə göndərdikləri təbrik məktubunda ölkələrimiz arasındakı münasibətləri yüksək dəyərləndiriblər, xalqımıza xoşbəxtlik və fıravanlıq arzulayıblar.
Tədbirdə Azərbaycanın və Küveytin dövlət himnləri səsləndirilib. Tədbir iştirakçılarına paytaxtımızın müasir görünüşü, ölkəmizin ecazkar təbiəti və turizm potensialı, tarix və memarlıq abidələri, mədəniyyəti haqqında sənədli filmlər nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti