Azərbaycan, Bakı, 27 may /Trend, müxbir K. Zərbalıyeva/
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən göndərilən məlumatda bildirilib.
Bu gün nazirlikdə Nağıyevin təqaüdə yola salınma mərasimi keçirilib.
Kollegiya üzvlərinin və ayrı-ayrı xidmət rəislərinin iştirakı ilə keçirilmiş tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov hər bir əməkdaşa örnək olası, anda və xidməti borca sədaqətli xidmətinə görə polis general-mayoru Ramiz Nağıyevə təşəkkürünü bildirib, onun fəaliyyətini yüksək qiymətləndirib.
O, qeyd edib ki, ömrünün 36 ilini daxili işlər orqanlarında şərəfli xidmətə həsr edən, bu müddətin böyük bir hissəsini cinayət-axtarış və istintaq qurumlarında çalışaraq İdarə və Baş İdarə rəisi vəzifələrinədək yüksələn polis general-mayoru Nağıyev hər zaman yüksək təşkilatçılıq qabiliyyəti və mənəvi keyfiyyətləri ilə seçilib, şəxsi heyət arasında böyük hörmət və nüfuz qazanıb.
Nazir qeyd edib ki, son illər Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsində, tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasında, yüksək səviyyəli elmi kadrlarla təmin olunmasında, tədris proqramlarının, dərs vəsaitlərinin hazırlanmasında, müasir elmi-metodik və fənn kabinetlərinin, laboratoriyaların təşkilində Nağıyevin xüsusi rolu olub.
General-polkovnik Ramil Usubov yüksək peşəkar, dövlətə və dövlətçiliyə hər zaman sadiq zabit kimi R.Nağıyevin xidmətlərinin ölkə və DİN rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, onun polis general-mayoru kimi ali xüsusi rütbəyə layiq görüldüyünü, "Azərbaycan bayrağı" ordeni ilə təltif olunduğunu, çoxsaylı mükafatlar aldığını xatırladıb.
Ramiz Nağıyev haqqında deyilən xoş sözlərə, yüksək diqqət və qayğıya görə Kollegiya üzvlərinə və daxili işlər nazirinə minnətdarlığını bildirib.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
