Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir M.Əliyev/
İyunun 26-da Azərbaycan Ordusunun necə əzəmətli olduğu nümayiş ediləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə bazar ertəsi baş nazirin müavini Əli Həsənov bildirib.
"İyunun 26-sı Azərbaycanda ordu günüdür. Həmin gün Azərbaycan Ordusunun nəyə qadir olduğu, hansı müasir silahlara yiyələndiyi və ordumuzun necə möhkəmləndiyi nümayiş olunacaq", - Həsənov deyib.
Baş nazirin müavini bildirib ki, Azərbaycan iyunun 26-sı bir daha Ermənistana nümayiş etdirəcək ki, düz olmadığı yoldan əl çəksin, öz insanlarına yazığı gəlsin.
"Bizdə olan məlumata görə, Ermənistanda yaşayan əhali səbirsizliklə münaqişənin sona yetməsini gözləyir", - Həsənov deyib.
Baş nazirin müavini qeyd edib ki, Ermənistanda yaşayan 1,5 milyon insanın son illər ölkəni tərk etməsi erməni rəhbərliyinə bir işarədir ki, gec-tez işğal olunmuş torpaqlardan çəkilmək lazımdır.
"Azərbaycan dövləti səbr nümayiş etdirsə də, bunun tükənən vaxtı da var. Ermənistan bu oyunları davam etdirsə, təbii ki, Azərbaycan öz gücü hesabına torpaqlarını azad edəcək", - Həsənov deyib.
İyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaranması günüdür.