...

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub (FOTO)

Siyasət Materials 24 İyun 2011 23:08 (UTC +04:00)
İyunun 24-də Brüsseldə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub (FOTO)

İyunun 24-də Brüsseldə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub.

Bu münasibətlə təşkil olunan mərasimə gələn Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Krans Montana Forumunun prezidenti Jan Pol Karteron qarşıladı. Mehriban xanım Əliyeva mərasimə dəvət olunan qonaqlarla görüşdü.

Əvvəlcə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından nahar verildi.
Krans Montana Forumunun Qızıl medalı dünyada öz fəaliyyəti ilə böyük nüfuz qazanmış, xüsusi xidmətləri olan insanlara verilir. Mehriban xanım Əliyevanın Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi onun mədəniyyət, elm, təhsil, səhiyyə, sosial və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda diqqət mərkəzinə çevrilməsini bir daha təsdiq edir.

Mərasimi Krans Montana Forumunun prezidenti Jan Pol Karteron açdı. "Biz bu mükafatı Mehriban xanım Əliyevaya daha yaxşı dünya qurmaq üçün göstərdiyi dəyərli fəaliyyətinə görə veririk", - deyən Jan Pol Karteron Qızıl medalı qəbul etdiyinə görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirdi.

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri də mərasimdə iştirak etməkdən şərəf hissi duyduğunu bildirdi. O, təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə həyata keçirdiyi layihələrlə məşhur olan Heydər Əliyev Fondunun Azərbaycanda gənc nəslin yetişməsində yaxından iştirak etdiyini dedi.

Bildirdi ki, Mehriban xanım Əliyeva Milli Məclisin deputatı kimi fəal siyasətlə məşğul olur və Bakıda İSESKO-nun tədbirlərinin keçirilməsinə yüksək diqqət və qayğı ilə yanaşır. Bu baxımdan Mehriban xanım Əliyevanın fəaliyyətinə beynəlxalq aləmdə böyük diqqət vardır.

Mehriban xanım Əliyevanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun əldə olunmasına da töhfə verdiyini vurğulayan İSESKO-nun baş direktoru Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi münasibətilə bir daha xoşməramlı səfiri təbrik etdi.
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Krans Montana Forumunun Qızıl medalını Mehriban xanım Əliyevaya təqdim etdi.

Azərbaycanın birinci xanımı Mehriban ƏLİYEVA mərasimdə çıxış edərək dedi:
- Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Hörmətli cənab Jan Pol Karteron!
Hörmətli cənab Əbdüləziz bin Osman əl-Tüveycri!
Krans Montana Forumunun Qızıl medalı kimi yüksək mükafatla məni təltif etdiyinizə görə sizə səmimi minnətdarlığımı bildirirəm. Ölkəmiz haqqında söylədiyiniz xoş sözlərə və Heydər Əliyev Fondunun fəaliyyətinə verdiyiniz bu qiymətə görə təşəkkürümü bildirirəm.

Dünyamızı daha humanist etmək kimi ali məqsəd ətrafında toplaşan şəxslərin arasında bu salonda olmaqdan böyük şərəf hissi duyuram. Bu il Azərbaycanın da təmsil olunduğu Krans Montana Forumunda iştirak etməkdən olduqca məmnunam. Bu il biz müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümünü qeyd edirik.

Müstəqil ölkə kimi Azərbaycan gəncdir, lakin ölkəmizin qədim tarixi vardır. Cənubi Qafqazda Xəzər dənizinin sahilində ilk dövlətlər eramızdan əvvəl II-I minillikdə mövcud idi. Tarixi İpək Yolu ölkəmizin ərazisindən keçmiş və Azərbaycan uzun əsrlər boyu sivilizasiyalar və mədəniyyətlərin qovuşduğu məkanda yerləşmişdir. Müxtəlif dövrlərdə ölkəmiz müxtəlif imperiyaların hissəsi olmuş, lakin xalqımız öz tarixini, dilini, mədəniyyətini və milli özünəməxsusluğunu qoruyub saxlaya bilmişdir.

1918-ci ildə qurulan Azərbaycan Demokratik Respublikası müsəlman aləmində ilk parlament respublikası oldu. Həmin vaxt müsəlman qızları üçün ilk dünyəvi məktəb açıldı. Azərbaycan qadınları səs vermək hüququ əldə etdilər, ölkədə ilk opera və balet yaradıldı.
Əfsuslar olsun ki, respublika ciddi geosiyasi problemlərlə və amillərlə üzləşdi və ilk Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşadı. Yetmiş ildən sonra Azərbaycan öz müstəqilliyini 1991-ci ildə bərpa etdi.

İlk illərdə biz bir çox problemlər və çətinliklərlə üzləşdik. Çünki Azərbaycan öz siyasi sistemini və milli iqtisadiyyatını sıfırdan qurmalı idi. Bundan əlavə, Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində vəziyyət daha da ağır idi. Bu təcavüz nəticəsində ərazimizin 20 faizi hələ də işğal altındadır və bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün kimi yaşayır. Bütün həmin çətinliklərə baxmayaraq, bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir.

Uğurlu iqtisadi islahatlar Azərbaycanı regionda güclü və aparıcı ölkəyə çevirmişdir və biz açıq siyasət, Avratlantik məkana inteqrasiya siyasətini yürüdürük. Bu gün Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqının strateji tərəfdaşı hesab edilir və Azərbaycan Avropanın qaz təchizatında öz rolunu oynamağa hazırdır.

Azərbaycanın siyasi və iqtisadi inkişafı nəinki strateji rəqəmlərdə və faiz nisbətində, o cümlədən yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin açılması, yolların çəkilməsi, məktəb, xəstəxana, muzey, idman və mədəniyyət mərkəzlərinin tikintisində görünür.
Hörmətli dostlar!

2004-cü ildə yaradıldığı vaxtdan etibarən Heydər ƏIiyev Fondu bir çox sahələrdə böyük nailiyyətlər əldə etmişdir. Fondun prioritetləri təhsil, səhiyyə və mədəniyyətə dəstək vermək, o cümlədən Azərbaycan və onun xalqının mədəni irsinin qorunması və inkişaf etdirilməsidir.
Heydər Əliyev Fondu təhsil sahəsində çoxlu layihələr həyata keçirmişdir. Bakıda və Azərbaycanın rayonlarında yüzlərlə məktəb tikilmiş və bərpa olunmuşdur.

Hazırda Fond uşaq evlərindəki uşaqlara, o cümlədən sosial baxımdan zəif təbəqələrin, əsasən qaçqın və məcburi köçkün ailələrindən olan, xüsusi qayğıya ehtiyacı olan uşaqlara böyük dəstək verir.

"Azərbaycan - tolerantlıq məkanı" layihəsi Heydər Əliyev Fondunun fəaliyyətində xüsusi yer tutur. Tolerantlıq ənənələri və mədəni müxtəliflik əsrlər boyu Azərbaycanda mövcud olmuşdur. Bu ənənələr məscid, sinaqoq və pravoslav kilsələrinin bərpasına dəstək verən Fondun fəaliyyətində xüsusi əhəmiyyət kəsb edir. Yəhudi uşaqları üçün təhsil mərkəzi Azərbaycanda açılmışdır. Fond Pakistanda zəlzələ nəticəsində dağılan qızlar məktəbini yenidən tikmişdir.

Heydər Əliyev Fondu, həmçinin Strasburq kilsəsinin rəngli şüşələrdən ibarət pəncərələrinin, Versalda memarlıq abidələrinin bərpasına töhfə vermişdir.
Mədəniyyətə dəstəyin verilməsi, mədəni irsin qorunması və inkişaf etdirilməsi Fondun fəaliyyətinin digər prioritetləridir. Beynəlxalq muğam festivalı ənənəvi olaraq Bakıda keçirilir.

YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən muğam qədim Azərbaycan musiqisidir. Qəbələdəki Beynəlxalq musiqi festivalı və Bakıdakı Rostropoviç adına Beynəlxalq festival Azərbaycanda mühüm tədbirlərə çevrilmişdir. Bu tədbirlərdə klassik musiqini ifa edən dünyanın aparıcı orkestr və ifaçıları iştirak edir. Heydər Əliyev Fondunun töhfəsi ilə yaradılan Müasir İncəsənət Muzeyində modern Azərbaycan rəssamlarının əsərləri sərgilənir.

Bu yaxınlarda Parisdə muzeyin əsərlərindən ibarət sərgi böyük uğur qazanmışdır.
Heydər Əliyev Fondu bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən YUNESKO, İSESKO, BMT-nin İnkişaf Proqramı (UNDP) və YUNİSEF ilə sıx işləyir. Biz YUNESKO-nun aşağıdakı ideallarının qorunmasına çalışırıq: ümumdünya irsinin və mədəni müxtəlifliyin qorunması, savadsızlığa qarşı mübarizənin aparılması və sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun qurulması.

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda bir sıra mühüm beynəlxalq forumlar keçirilmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, 2009-cu ildə "Gənclər sivilizasiyaların alyansı naminə" adlı Beynəlxalq konfrans keçirilmişdir. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu bu konfransda iştirak etmişdir. "Mədəniyyətlərarası dialoqda qadınların rolunun gücləndirilməsi" adlı digər forum da YUNESKO və İSESKO ilə birgə Bakıda keçirilmiş, nəticədə Bakı bəyannaməsi qəbul edilmişdir.

Heydər Əliyev Fondu Azərbaycanın "Evrovision" mahnı müsabiqəsində iştirakının təşəbbüskarı olmuşdur. Biz bu müsabiqədə yalnız dörd dəfə iştirak etmişik, buna baxmayaraq, Azərbaycan hər zaman müsabiqə liderləri arasında olmuşdur.

Böyük fərəh hissi ilə qeyd edirik ki, gənc müğənnilərimiz "Evrovision-2011"-in qalibləri oldular. Mən bizi dəstəkləyən bütün avropalılara təşəkkürümü bildirmək istəyirəm.
2011-ci ilin yazında ölkəmiz mədəniyyətlərarası dialoq mövzusunda Ümumdünya Forumunu təşkil etməkdən şərəf hissi duydu.

Xanımlar və cənablar,
Hörmətli dostlar və həmkarlar,
Heydər Əliyev Fondu müxtəlif sahələrdə bir sıra layihələr həyata keçirir. Fondun məqsədi tarixi irsin qorunması, təhsilə dəstəyin verilməsi, səhiyyənin inkişafı və cəmiyyət daxilində tolerantlıq və dialoq mühitinin gücləndirilməsindən ibarətdir. Bu məqsədlərin ümumi idealı vardır - xeyirxah işlərin görülməsi.

Fikrimcə, bu, Krans Montana Forumunun "Daha humanist dünyaya sadiq olaq" devizi ilə üst-üstə düşür. Elm, texnologiya və iqtisadiyyat sahəsində əldə edilən nailiyyətlərlə yanaşı, insanlara ilk öncə xeyirxahlıq və mərhəmət lazımdır.

Sonda mən bu cür mühüm mükafata görə sizə bir daha öz təşəkkürümü bildirirəm. Mükafatı qəbul etməkdən böyük şərəf hissi duyuram. Əminəm ki, biz birgə səylərimiz nəticəsində daha böyük nailiyyətlər əldə edə bilərik.Diqqətinizə görə minnətdaram.

Mərasim iştirakçıları bir daha Azərbaycanın birinci xanımını bu yüksək mükafata layiq görülməsi münasibətilə təbrik etdilər, ona fəaliyyətində uğurlar arzuladılar. Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti