...

Prezident İlham Əliyev: Azərbaycan Ordusu ölkə qarşısında duran bütün vəzifələri icra etmək üçün bütün imkanlara malikdir (FOTO)

Siyasət Materials 26 İyun 2011 14:05 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan Ordusu ölkə qarşısında duran bütün vəzifələri icra etmək üçün bütün imkanlara malikdir
Prezident İlham Əliyev: Azərbaycan Ordusu ölkə qarşısında duran bütün vəzifələri icra etmək üçün bütün imkanlara malikdir (FOTO)

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbrik edirəm. Silahlı Qüvvələrə yeni uğurlar arzulayıram. Bugünkü hərbi parad müstəqilliyimizin 20-ci ildönümünə həsr edilib. 20 il ərzində Azərbaycan müstəqil dövlət kimi böyük və şərəfli yol keçib. 20 il ərzində bizim ölkəmiz sürətlə inkişaf edib və bu gün bölgədə çox güclü mövqelərə malikdir. Bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bazar günü Bakıda keçirilən təntənəli hərbi paradda çıxışı zamanı deyib.

"Ölkəmizdə bütün istiqamətlərdə, iqtisadi sahədə, sosial məsələlərin həllində böyük uğurlar əldə edilib, o cümlədən ordu quruculuğu prosesi ölkəmizdə uğurla getmişdir. Azərbaycanda bu gün nizamlı ordu var. Mən hərbi hissələrdə tez-tez oluram, vəziyyətlə tanış oluram və tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Orduda peşəkarlıq artıb, Ordumuzun döyüş qabiliyyəti artıb, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Bütün bu məsələlər bizi sevindirir", - İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcək və Ordumuz ölkə qarşısında duran bütün vəzifələri icra etmək üçün bütün imkanlara malikdir.

"Azərbaycanda Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi işində böyük məsələlər öz həllini tapıb. Hərbiçilərin sosial müdafiə məsələləri öz həllini tapıb. Sosial məsələlərə gəldikdə, Azərbaycan dövləti daim bu məsələni diqqət mərkəzində saxlayır. Hərbiçilərin sosial-məişət problemləri öz həllini tapır, əməkhaqları qaldırılır. Dünən imzaladığım sərəncama əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə maaşları müvafiq qaydada 25 və 10 faiz artırılıb. Ordumuza xidmət edənlərin əksəriyyəti gənclərdir və mən çox şadam ki, bizim gənclərimiz milli, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Bizim gənclərimiz bizim ümidimizdir, gələcəkdə onlar ölkəmizi idarə edəcəklər və mən çox şadam ki, Orduda xidmət edən gənclər vətənə bağlı olan insanlardır. Biz müharibə zamanı və atəşkəs zamanında itkilər vermişik, şəhidlərimiz olub. Vətən uğrunda, torpaq uğrunda həlak olmuş bütün şəhidlərin ruhu qarşısında biz baş əyirik. Allah onlara rəhmət eləsin! Onların qanı yerdə qalmayacaq və yerdə qalmır. Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayır", - Prezident çıxışında bildirib.

İlham Əliyev deyib ki, Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsində böyük işlər görülüb.

"Bu gün keçirilən hərbi paradda hərbi potensialımızın kiçik bir hissəsi nümayiş etdiriləcək. Biz müasir silahlar, sursatlar, hərbi texnikanı alırıq və bu proses davam etdiriləcək. Son illər ərzində hərbi potensialımız böyük dərəcədə artıb. Biz müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterlərini alırıq. Artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz təyyarələri alırıq və Ordumuzun hərbi gücü artır. Eyni zamanda, Azərbaycanda altı il bundan qabaq yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə ölkəmizdə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və bu sahədə də biz böyük nailiyyətlərə çata bilmişik. Bu gün Azərbaycan Ordusunun təchizatı, o cümlədən daxildə istehsal olunan məhsulların hesabına formalaşır. Azərbaycanda müxtəlif növ silahlar, sursatlar, hərbi texnika istehsal olunur və bu nailiyyətlər paradda göstəriləcək. Patronlar, silahlar, mərmilər, tapançalar, avtomatlar, pulemyotlar, minaatanlar, snayper tüfəngləri, zirehli texnika, pilotsuz təyyarələr - bütün bunlar Azərbaycanda istehsal olunur və Azərbaycanda istehsal olunan hərbi texnika yüksək səviyyədədir. Beynəlxalq hərbi sərgilərdə nümayiş etdirilən Azərbaycan hərbi texnikası dünya miqyasında da böyük qiymətə malikdir. Bir sözlə, Ordumuzun hərbi imkanlarının potensialını gücləndirmək üçün Azərbaycan dövləti nə lazımdırsa, onu edir", - dövlət başçısı çıxışında söyləyib.

Prezident vurğulayıb ki, Azərbaycanın hərbi xərcləri ildən-ilə artır.

"2003-cü ildə hərbi büdcəmiz 160 milyon dollar idisə, 2010-cu ildə bu rəqəm 2 milyard 150 milyon dollara, bu il isə 3 milyard 300 milyon dollara çatıb. Bir neçə il öncə qoyduğumuz vəzifə - Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərinə bərabər olsun - artıq reallaşıb. Bu gün Azərbaycanda hərbi xərclərə sərf olunan vəsait Ermənistanın bütün büdcəsindən 50 faiz artıqdır. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb və müharibə şəraitində yaşayan ölkə ilk növbədə ordu quruculuğuna diqqət göstərməlidir. Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi təyinatlı xərclər birinci yerdədir və torpaqlarımız işğal altından azad olunmayana qədər bu, belə olacaq. Sülh müqaviləsi bağlanarsa, işğala son qoyulandan sonra, əlbəttə ki, bu qədər xərcə bəlkə də ethiyac olmayacaq. Ancaq eyni zamanda, bundan sonra da istənilən şəraitdə Ordumuz daim yüksək döyüş hazırlığı nümayiş etdirməlidir. Maddi-texniki bazasının möhkəmləndirilməsi və modernləşdirilməsi üçün biz bütün imkanlardan istifadə edəcəyik", - İlham Əliyev deyib.

Prezident bildirib ki, ölkəmiz üçün ən ağrılı problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çalışılır.

"Azərbaycan torpaqları uzun illərdir ki, işğal altındadır, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşüb, torpaqlarımızın 20 faizi işğal altındadır. Əfsuslar olsun ki, bu ədalətsizlik hələ də davam edir. Baxmayaraq ki, Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və son zamanlar verilən yeni bəyanatlar, mötəbər beynəxalq təşkilatlar tərəfindən verilən qərarlar, qəbul edilmiş qətnamələr bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Buna baxmayaraq, məsələ öz həllini tapmır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının - dünyanın ən mötəbər qurumunun dörd qətnaməsi icra edilmir. Digər beynəlxalq təşkilatların oxşar qərar və qətnamələri icra edilmir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və olmayacaq. Biz çalışırıq ki, məsələ tezliklə öz həllini tapsın, beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın və beynəlxalq birlik tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Bunu etmək üçün biz diplomatik səylərimizi davam etdirəcəyik. Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, başqa ölkənin torpağında gözümüz yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıb. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Bu, həmişə belə olub, bu gün də belədi, sadəcə, müvəqqəti olaraq işğal altındadır. Ancaq bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki, istənilən yolla Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Bunu etmək üçün biz daha da güclü olmalıyıq və Azərbaycanda bütün sahələrdə aparılan islahatlar, ölkəmizin inkişafı, ölkəmizin bölgədəki mövqelərinin möhkəmləndirliməsi nəticəsində istədiyimizə nail ola biləcəyik", - dövlət başçısı deyib.

Prezidentin sözlərinə görə, biz iyirmi ildir ki, müstəqil ölkə kimi yaşayırıq.

"Bizim taleyimiz bizim əlimizdədir. Azərbaycan xalqı öz taleyinin sahibidir və iyirmi il ərzində Azərbaycan xalqı bütün dünyaya sübut edə bilib ki, biz müstəqil dövlət kimi yaşaya bilərik, inkişaf edə bilərik və iqtisadi inkişaf templərinə görə, Azərbaycan dünya miqyasında lider dövlətdir. Heç bir başqa ölkədə dünya miqyasında son illər ərzində görülən işlər və əldə edilmiş nailliyyətlər olmamışdır. Bütün bu nailiyyətlər statistik göstəricilərdə də bilinir. Son yeddi il ərzində bizim dövlət büdcəmiz 16 dəfə artıb. Ermənistanın dövlət büdcəsindən 10 dəfə çoxdur. Hərbi xərclərimiz 20 dəfə artıb, yoxsulluq 5 dəfə azalıb, 1 milyona yaxın yeni iş yerləri açılıb. Azərbaycanda böyük sənaye müəssisələri yaradılıb, aparılan iqtisadi islahatlar nəticəsində ölkə iqtisadiyyatının şaxələndirilməsi prosesi uğurla gedir və bu gün Azərbaycanda dayanıqlı iqtisadiyyat formalaşır. Sosial məsələlərin həlli işində biz böyük yol keçmişik və sosial müdafiə məsələlərinin həlli üçün bizim imkanlarımız, iradəmiz var. İldən-ilə artırılan maaşlar, pensiyalar, sosial ödəmələr, sosial infrastrukturun yaradılması, 2 mindən artıq məktəbin tikilməsi, yüzlərlə tibb ocağının, onlarla olimpiya komplekslərinin tikintisi bu gün Azərbaycanın reallıqlarıdır", - İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan iyirmi il ərzində böyük yol keçib.

"Əhalinin maddi rifahı qalxıb, ölkə iqtisadiyyatı inkişaf edib, beynəlxalq mövqelər möhkəmlənib. Bu gün Azərbaycan bərabərhüquqlu və etibarlı tərəfdaş kimi dünya birliyi tərəfindən tanınır. Bizim mövqeyimiz regional məsələlərdə bir çox hallarda həlledici rol oynayır. Bizim təşəbbüslərimiz nəinki iqtisadi və infrastruktur layihələrin həyata keçirilməsi üçün həlledicidir, eyni zamanda, geniş mənada qitədə olan təsirimiz artmaqdadır. Bizim siyasətimiz xoşniyyətlidir, bütün qonşularla mehriban qonşuluq münasibətlərində yaşamaq istəyirik və buna nail ola bilmişik. Bütün ölkələrlə qarşılıqlı maraq, qarşılıqlı hörmət əsasında münasibətlərimizi qururuq və bu işlərdə böyük uğurlara nail ola bilmişik. İyirmi il ərzində ölkəmizin inkişafı hər bir sahədə, istiqamətdə özünü göstərir. Bizim gözəl şəhərimiz, paytaxtımız, qədim Bakımız bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bizim bölgələrimiz canlanır, inkişaf edir, hər yerdə tikinti, hər yerdə quruculuq, abadlıq işləri aparılır, cəmiyyətdə ruh yüksəkliyi var. Cəmiyyətdə ölkəmizin bu gününə və gələcəyinə böyük inam var. Nəinki Azərbaycanın daxilində, bizimlə əməkdaşlıq edən ölkələr Azərbaycanın parlaq gələcəyinə inanırlar. Bizim iqtisadi gücümüz var. Bu, reallıqdır. İqtisadi güc bizə imkan verir ki, istənilən məsələlərlə bağlı öz müstəqil mövqeyimizi ortaya qoyaq. Azərbaycan iyirmi il ərzində müstəqil dövlətə çevrilib. Biz müstəqil siyasət aparırıq. Bu siyasət Azərbaycan xalqının iradəsinə əsaslanır. Bu siyasətin kökündə və mərkəzində Azərbaycan vətəndaşıdır. Biz elə etməliyik ki, bundan sonra da ölkəmizdə bütün istiqamətlərdə müşahidə olunan müsbət meyillər daha da güclənsin. Bundan sonrakı illər ərzində görüləcək işlər çoxdur. İyirmi il ərzində əldə edilmiş nailiyyətlər, bizim siyasətimizin düzgün olması və artıq yaradılmış möhkəm təməl bizə imkan verir ki, bundan sonra da onilliklər, yüzilliklər ərzində müstəqil, güclü dövlət kimi yaşayaq, öz siyasətimizi aparaq, Azərbaycan xalqının maddi rifahını qaldıraq və ölkəmizin dünyadakı mövqelərini daha da gücləndirək. Mən əminəm ki, belə də olacaq və biz bütün qarşıya qoyduğumuz hədəflərə çatacağıq. Hər halda iyirmi illik təcrübə onu göstərir ki, biz istədiyimizə həmişə nail olmuşuq və bundan sonra da nail olacağıq", - Prezident bildirib.

İlham Əliyev bir daha bayram münasibətilə təbriklərini çatdırıb.

"Bu gün böyük bayramdır. Azərbaycanda Ordu günü qeyd edilir. Bir daha demək istəyirəm ki, bugünkü hərbi parad müstəqilliyimizin 20-ci ildönümünə həsr edilib. Güclü dövlətin güclü ordusu olmalıdır. Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var. Azərbaycan Ordusuna eşq olsun! Yaşasın Azərbaycan!", - dövlət başçısı çıxışının sonunda deyib.

Foto - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti