Azərbaycan, Bakı, 29 iyun /Trend/
TÜRKPA və Azərbaycanın deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının Baş Assambleyasının 37-ci plenar sessiyasında iştirak edəcəklər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Milli Məclisdən bildirilib.
30 iyun - 2 iyulda Kiyevdə keçiriləcək sessiyada TÜRKPA baş katibinin müavini Bektemir Ziyadinovun rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Milli Məclisin QDİƏT PA-da nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev, millət vəkilləri Mübariz Qurbanlı, Musa Quliyev, Jalə Əliyeva və Ayaz Orucov iştirak edəcəklər.
Sessiyada siyasi, iqtisadi, sosial, ekoloji sahələrə aid "QDİƏT üzvü olan ölkələrdə genidəyişdirilmiş orqanizmlərdən istifadə edilməsi: iqtisadi və ekoloji aspektlər", "Elmi-texniki tərəqqinin sürətləndirilməsində parlamentlərin rolu", "QDİƏT ölkələrində Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq sanitariya standartlarına riayət edilməsi" mövzularında məruzələr dinləniləcək.