...

YAP sədrinin müavini AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi ilə görüşüb

Siyasət Materials 19 İyul 2011 14:55 (UTC +04:00)
YAP sədrinin müavini AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi ilə görüşüb
YAP sədrinin müavini AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi ilə görüşüb

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir M.Əliyev/

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov çərşənbə axşamı Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa Xalq Partiyası fraksiyasının üzvlərindən AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi, Avropa Xalq Partiyasının vitse-sədri Pedro Aqramunt, AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvü Conde Bajen və AŞPA-nın Prosedur Qaydaları, Toxunulmazlıq və Təsisat Məsələləri Komitəsinin sədri Eqidijus Vareikisi qəbul edib. Trend-in məlumatına görə, bu barədə YAP-ın rəsmi saytı məlumat yayıb.

Görüşdə YAP sədrinin müavini qeyd edib ki, Azərbaycan cəmiyyəti beynəlxalq strukturlardan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində ciddi addımların atılmasını gözləyir. Əli Əhmədov bildirib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20 faiz torpağı işğal olunub, 1 milyon insan isə doğma torpaqlarından məcburi köçkün vəziyyətinə düşüb.

"Təəssüf ki, hələ də münaqişənin nizama salınması istiqamətində ciddi nəticələr əldə olunmayıb. Azərbaycan hökuməti məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaqdan ötrü müvafiq tədbirlər həyata keçirir. Amma bütövlükdə bu münaqişənin həlli istiqamətində beynəlxalq birlik səylərini gücləndirməlidir", - Əli Əhmədov vurğulayıb.

YAP sədrinin müavini Azərbaycanın Avropa məkanı üçün önəmli dövlət olduğunu, ölkəmizin Avropanın enerji təhlükəsizliyi məsələsində vacib rol oynadığını diqqətə çatdırıb. Əhmədov, həmçinin YAP-ın Avropa Xalq Partiyası ilə əməkdaşlıq etdiyini və bu təşkilata üzv olmaq üçün müraciət etdiyini bildirib. "Ümid edirik ki, yaxın vaxtlarda bu məsələyə də baxılacaq", - o qeyd edib.

AŞPA-da Avropa Xalq Partiyası fraksiyasının üzvü Pedro Aqramunt Azərbaycana səfərin məqsədinin Bakıda dinlərarası dialoqa həsr olunmuş "dəyirmi masa"da iştirak olduğunu vurğulayıb. "Biz başqa dinləri təmsil etsək də, eyni dəyərləri bölüşürük. Avropa Xalq Partiyasında bizim müsəlman tərəfdaşlarımız da var. Ümid edirik ki, qarşılıqlı dialoq bütün cəmiyyətlər üçün böyük fayda verəcək", - Pedro Aqramunt vurğulayıb.

Xəbər lenti

Xəbər lenti