Azərbaycan, Bakı, 19 iyul /Trend/
Qazaxıstanın AFR-dəki səfirliyi Prezident Nursultan Nazarbayevin Almaniyada klinikada olması barədə KİV-in məlumatını təsdiq etmir.
Qazaxıstan Prezidentinin Almaniyada klinikada olması barədə çərşənbə axşamı Almaniyanın "Bild" qəzeti yazıb. "71 yaşlı Prezident University Medical Center Hamburg-Eppendorf-a gəlib", - qəzet mənbəyə istinad etmədən yazır.
"Bizdə belə bir informasiya yoxdur", - Trend-in məlumatına görə, bunu RİA Novosti agentliyinə səfirliyin nümayəndəsi deyib.
Öz növbəsində, Qazaxıstan rəhbərliyindəki mənbə bildirib ki, Nazarbayev hazırda məzuniyyətdədir.
KİV xəbər verir ki, klinikanın öz əməkdaşlarından bununla bağlı şərh almaq mümkün olmayıb.
"Bild Hamburg"un məlumatına görə, AFR Xarici İşlər Nazirliyi Nazarbayevin klinikaya daxil olması üçün vasitəçi qismində fəaliyyət göstərib. Lakin "AFP" agentliyi xəbər verir ki, Almaniya XİN suallara cavab verərkən öz iştirakı faktını təkzib edib və Nazarbayevin Hamburqda olmasından xəbərsiz olduğunu iddia edib.