...

Əli Həsənov: Azərbaycan Türkiyə və İranla viza rejimini ləğv etmək üçün texniki cəhətdən hazır olmalıdır

Siyasət Materials 20 İyul 2011 13:14 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri bildirib ki, "Today's Zaman"da dərc olunmuş müsahibədə İran tərəfdən hər hansı hədə ilə bağlı əks olunmuş fikirlər jurnalistin onun sözlərini yanlış anlaması nəticəsində meydana çıxıb.
Əli Həsənov: Azərbaycan Türkiyə və İranla viza rejimini ləğv etmək üçün texniki cəhətdən hazır olmalıdır

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri bildirib ki, "Today's Zaman"da dərc olunmuş müsahibədə İran tərəfdən hər hansı hədə ilə bağlı əks olunmuş fikirlər jurnalistin onun sözlərini yanlış anlaması nəticəsində meydana çıxıb.

"Türkiyəli jurnalistlərlə söhbət zamanı onlar viza məsələsini qaldırarkən bildirdim ki, Azərbaycanla viza rejimini həm Türkiyə, həm İran ləğv edib. Biz də qarşılıqlı şəkildə viza rejimini ləğv etmək üçün hər iki dövlətə eyni vaxtda təxminən oxşar münasibət bəsləməliyik. Bunun üçün isə Azərbaycanın texniki cəhətdən hazır olması lazımdır", - çərşənbə günü Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Həsənovun sözlərinə görə, İran-Azərbaycan, Türkiyə-Azərbaycan sərhədi, Naxçıvandakı keçid məntəqələri hələlik texniki cəhətdən vətəndaşların kütləvi şəkildə vizasız rejimdə keçidinə hazır deyil.

"Sərhəd məntəqələrində vətəndaşların yoxlanması sistemi də buna hazır deyil. Bilirsiniz ki, uzun müddətdir BMT və digər beynəlxalq qurumlar Əfqanıstandan narkotik vasitələrin İran ərazisi vasitəsilə Azərbaycandan keçməklə Rusiya və digər ölkələrə daşınması haqqında xəbərdarlıqlar edir. Nəzarətsiz Dağlıq Qarabağ ərazisindən İran vasitəsilə narkotik vasitələrin daşınması məsələsi də var. Ona görə də Azərbaycan həm təhlükəsizlik, həm miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı bu tipli məsələlərin təmin olunması anlamında hazırda iki böyük dövlətlə - İran və Türkiyə ilə münasibətdə viza rejimini aradan qaldırmağa hazır deyil. Burada hər hansı hədə söhbəti jurnalistin yanlış anlaması nəticəsində yazdığı qeydlərdir. Azərbaycan özünün sərhəd-keçid, miqrasiya, təhlükəsizliyi məsələləri ilə bağlı hər iki dövlətlə eyni zamanda viza rejimini aradan qaldırmağa texniki cəhətdən hazır deyil", - Həsənov əlavə edib.

"Biz Türkiyə ilə viza rejiminin ləğvində problem görmürük, amma İran buna kəskin etiraz edərək, ona münasibətdə də eyni addımın atılmasını istədi, əks halda Azərbaycanın Naxçıvanla quru əlaqəsini kəsəcəyinə dair xəbərdarlıqla çıxış etdi", - "Today's Zaman" qəzeti PA rəsmisinə istinadən yazıb.

Xəbər lenti

Xəbər lenti