...

Firuzabadinin Ermənistanın hərbi rəhbərliyini işğalçı qoşunlarını Azərbaycan ərazisindən çıxarmağa çağırması daha məntiqli olardı - XİN

Siyasət Materials 16 Avqust 2011 17:55 (UTC +04:00)
Azərbaycan XİN İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin İranın "Fars" informasiya agentliyinə Azərbaycan rəhbərliyi və xalqının ünvanına dedikləri ilə bağlı İran səfirinə təqdim etdiyi etiraz notasına hələ ki rəsmi cavab almayıb.
Firuzabadinin Ermənistanın hərbi rəhbərliyini işğalçı qoşunlarını Azərbaycan ərazisindən çıxarmağa çağırması daha məntiqli olardı - XİN

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan XİN İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin İranın "Fars" informasiya agentliyinə Azərbaycan rəhbərliyi və xalqının ünvanına dedikləri ilə bağlı İran səfirinə təqdim etdiyi etiraz notasına hələ ki rəsmi cavab almayıb. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib.

Firuzabadinin fikirlərini şərh edən Poluxov qeyd edib ki, hərbiçinin dilindən dost ölkə adlandırdığı ölkənin ünvanına siyasi xarakterli çağırışlar etməyi eşitmək və bununla yanaşı, təmsil etdiyi Baş Qərargahın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənsitanla fəal əməkdaşlıq etməsini görmək qəribədir.

"Firuzabadinin Ermənistanın hərbi rəhbərliyini işğalçı qoşunlarını Azərbaycan ərazisindən çıxarmağa və bir milyondan çox Azərbaycan qaçqınının və məcburi köçkününün tapdalanmış hüquqlarını bərpa etməyə çağırması daha məntiqli olardı", - Poluxov bildirib.

Onun sözlərinə görə, bu halda Firuzabadi tutduğu vəzifəni layiqincə yerinə yetirərdi.

Avqustun 11-də İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami ölkənin "FARS" xəbər agentliyinin 09 avqust 2011-ci il tarixli sayında yer almış, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycan Respublikası rəhbərliyinin və xalqının ünvanına söylədiyi yersiz fikirlərlə bağlı Azərbaycan XİN-ə dəvət olunub. Səfiri qəbul edən xarici işlər nazirinin müavini Nadir Hüseynov ona Azərbaycan tərəfinin etiraz notasını təqdim edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

XİN-in notasında İran rəsmisinin bu cür məsuliyyətsiz iftiralarına qəti etiraz bildirilir və İran mətbuatında Azərbaycan Respublikasının xalqına və dövlətinə qarşı yönəldilmiş, milli mənafeyi və təhlükəsizliyinə zidd məlumatların yayımlanmasının, dövlətimizin daxili və xarici siyasətinin təhrif olunmasının ölkələrimiz arasında yaranmış dostluq münasibətləri, qarşılıqlı anlaşma və öhdəliklərlə ziddiyyət təşkil etdiyi vurğulanır.

Azərbaycan XİN İran tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatların verilməsinin qarşısının alınması və bu kimi addımların bir daha təkrar olunmaması istiqamətində İran İslam Respublikası tərəfindən qısa müddət ərzində müvafiq tədbirlərin görülməsini və sözügedən məsələyə dair aydınlıq gətirilməsini tələb edib.

Xəbər lenti

Xəbər lenti