...

Gizli bir şəbəkə "Google"-da Azərbaycan ərazisinin bir hissəsini erməniləşdirməklə məşğuldur - deputat

Siyasət Materials 17 Avqust 2011 15:58 (UTC +04:00)
Gizli bir şəbəkə Azərbaycan ərazisinin bir hissəsini Ermənistana birləşdirmək və toponimləri erməniləşdirməklə məşğuldur.
Gizli bir şəbəkə "Google"-da Azərbaycan ərazisinin bir hissəsini erməniləşdirməklə məşğuldur - deputat

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Gizli bir şəbəkə Azərbaycan ərazisinin bir hissəsini Ermənistana birləşdirmək və toponimləri erməniləşdirməklə məşğuldur. Bunu Trend-ə millət vəkili Aydın Mirzəzadə "Google Earth" saytında Azərbaycan ərazilərinin təhrif olunması və Ermənistan ərazisi kimi göstərilməsinə münasibət bildirərkən deyib.

Həmin saytda bir müddət Naxçıvan Muxtar Respublikasının Ordubad və Sədərək rayonları, həmçinin Nehrəm kəndi və digər ərazilərimiz Ermənistan ərazisi kimi qeyd edilmişdi.

Mirzəzadə alman və ya yapon mütəxəssislərin Azərbaycan xəritəsini saxtalaşdırmaqla məşğul olduğuna inanmır və qeyd edir ki, bu, Ermənistana və erməni millətçi dairələrinə sərfəlidir.

"Onlar Azərbaycan ərazisini, toponimlərini erməniləşdirmək marağındadırlar. Görünür, biz hazırlıqlı və çox dərində gizlənmiş, məhz bu sahə üzrə Azərbaycana qarşı diversiya aparan bir qrupla üz-üzəyik", - millət vəkili deyib.

Mirzəzadə bu problemin xeyli müddətdir Azərbaycan cəmiyyətini narahat etdiyini vurğulayıb və qeyd edib ki, xarici ölkələrin poliqrafiya müəssisələrində buraxılan kitablarda və xəritələrdə, internet axtarış sistemlərində Azərbaycan ərazisinin bir hissəsi Ermənistan ərazisi kimi göstərilir, Azərbaycan toponimləri isə erməni dilində verilir.

"Belə faktlar bir neçə sayda olsaydı, onu təsadüf kimi qiymətləndirmək olardı, lakin bu, sistem halını alıb. Belə faktlar yüzlərlədir. Azərbaycanın rəsmi strukturlarının və ayrı-ayrı vətəndaşların müraciətindən sonra həmin xəritə sahibləri operativ surətdə dəyişiklik edirlər və buna görə Azərbaycandan üzr istəyirlər", - Mirzəzadə deyib.

O hesab edir ki, problemin qarşısını almağın ən düzgün yolu operativlik və ədalətdir.

"Belə hallar üzə çıxarsa, müraciət etmək, həqiqəti göstərmək lazımdır. Mən hesab edirəm ki, bu, hələ uzun müddət davam edəcək bir prosesdir. Biz hələ uzun müddət xəritəmizin saxtalaşdırılması praktikası ilə üzləşəcəyik. Sadəcə, diqqətli olmalıyıq və operativlik göstərməliyik. "Google" ilə bağlı onun icraçı strukturuna müraciət edərək həmin səhvin tezliklə aradan qaldırılmasını onlardan tələb etmək lazımdır", - millət vəkili bildirib.

Xəbər lenti

Xəbər lenti