Azərbaycan, Bakı, 19 avqust /Trend/
Böyük Britaniyada 4 avqustda 29 yaşlı Mark Daqqanın qətlə yetirilməsindən sonra geniş vüsət almış və artıq hakimiyyətlə vətəndaşlar arasında kəskin qarşıdurma xarakteri daşıyan prosesləri nəzarət altına almaq mümkün olmur.
Məzuniyyətini yarımçıq qoyaraq Londona qayıdan Britaniyanın baş naziri Devid Kameron hadisələri kəskin pisləyərək bunu qarət, quldur dəstələrinin cəzasızlığı mühitində yaxınlaşan mənəvi kollaps adlandırıb. Baş nazir bildirib ki, küçə bandaları və onların mədəniyyəti ilə mübarizə milli prioritetdir. O, hökumətin küçə cinayətkarlığına qarşı tədbirləri sərtləşdirəcəyini və ABŞ-ın "sıfır dözüm" proqramının tətbiqinə başlanacağını deyib. Bu proqram hətta kiçik hüquq pozuntularına görə sərt tədbirləri nəzərdə tutur.
Kemeronun fikrincə, bununla cəmiyyətin sosial quruluşunu dəyişdirmək mümkün olacaq: "Biz uzun müddətdir ki, nəyin yaxşı, nəyin pis olduğu barədə danışmaq istəmirdik. Biz həddən artıq uzun müddətdir ki, izdivacdan tutmuş ümumi rifah və ümumi mədəniyyətə kimi vacib mövzulardan qaçırdıq. Məsuliyyətsizlik, eqoizm, öz hərəkətlərinin məsuliyyətini dərk etməmək, atasız uşaqlar, intizamsız məktəblər"...
D.Kameron küçə bandalarının Facebook və Twitter sosial şəbəkələri ilə fəaliyyətlərini əlaqələndirdiklərini əsas gətirərək deyib ki, hökumət bu şəbəkələrin məhdudlaşdırılması, süzgəcdən keçirilməsinə hazırdır.
Britaniyanın rəsmi şəxsləri, hüquq-mühafizə orqanları sosial şəbəkələr vasitəsilə çağırış edənlərin müəyyənləşdirilərək məsuliyyətə cəlb ediləcəklərini bəyan ediblər.
Müxalifətdə olan leyboristlərin lideri Ed Milibend isə baş naziri ittiham edərək deyib ki, o, əsl problemləri görmür və təkcə iğtişaşların iştirakçılarının təcrid olunmasından deyil, həm də ümumi məsuliyyətsizlik mühitindən danışmaq lazımdır: "Bəs insanların yatırdığı pulları risk altına alaraq milyonlarını fırladan bankirlər? Onlar da xəsis, eqoist və amoraldılar".
Göründüyü kimi, nə dövlətin yaratdığı fövqəladə komissiya, nə rəsmi çıxışlar, bəyanatlar günü-gündən güclənən prosesi dayandırmaq iqtidarında deyillər. Hökumət çıxış yolunu təkcə günahkarların müəyyənləşdirilərək cəzalandırılmasında yox, həm də bütün sosial sistemin, ictimai münasibətlərin dəyişdirilməsində, mümkün olan ən sərt tədbirlərin tətbiq edilməsində görür. Təsadüfi deyil ki, həyata keçirilmiş tədbirlər nəticəsində 2 min adam həbs edilib. Evindən bayıra çıxmayan, sadəcə kompüter arxasında oturaraq Facebook-da sosial çağırışlar edən iki gənc - Çeşir qraflığının sakinləri 22 yaşlı Perri Satkliff-Kinan və 20 yaşlı Cordan Blekşou 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Yeni həbslərin olacağı və sosial şəbəkələrin növbəti istifadəçilərinin məhkum ediləcəyi istisna deyil.
Burada məntiqli sual yaranır, bəs demokratik dəyərlər, söz, məlumat azadlığı, insan hüquqları necə olsun?
Məsələ ilə əlaqədar müraciət etdiyimiz Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Trend-ə bildirdi ki, əslində, baş nazir Kameronun fikirlərində həqiqət var.
"Uzun illər məsuliyyətsizlik, eqoizm, dövlətin və cəmiyyətin əsaslı problemlərinə laqeydlik və başlıcası, bütün bu eybəcərliklərin demokratiya, azadlıq, insan haqları kimi anlayışlarla pərdələnərək ictimai şüura yeridilməsi sonda kataklizmlərə gətirib çıxarmalı idi. Vaxtilə Britaniyanın sabiq baş naziri Toni Blerin "çox şey etmək istəyirdim, lakin mətbuat imkan vermədi" fikri cəmiyyətdə və dünyada mətbuatın gücü, şəffaflıq, vətəndaş cəmiyyətinin inkişaf səviyyəsi kimi qələmə verildi. İndi isə D.Kameron vətəndaş azadlıqlarını məhdudlaşdıran sərtləşdirmədən, məsuliyyətdən danışır, internet istifadəçiləri məhkum edilir. Görəsən hakimiyyət bu təzadı cəmiyyətə necə izah edəcək? Biz dərk olunmuş nizam-intizamdan danışanda bəziləri ritorik atmacalarla Qərb demokratiyasını nümunə kimi göstərirdilər. İndi isə bu kvazidemokratiya Qərb üçün böyük problemə çevrilib və onlar nizam-intizamdan, məsuliyyətdən danışırlar. Bu məsələ bizim psevdodemokratlar və onların xaricdəki dostları üçün önəmli mesajdır. Həmin iki gəncin həbsi də anlaşılmazdır. Belə təsəvvür yaranır ki, çarəsizlik Britaniya hakimiyyətini bu hadisələrlə az çox əlaqəsi olan hər kəsi ittiham edib zindana salmağa vadar edir. Təzyiq, təqib mexanizminin işə salınması çıxış yoludurmu? Qorxu mühiti insanları fəallıqdan çəkindirəcəkmi? Əsla. Deyərdim ki, cin butılkadan çıxıb və demokratiyanın beşiyi demokratiyanı boğmağa başlayıb" Ağamalı əlavə edib.
Məsələ ilə əlaqədar müraciət etdiyimiz Demokratiya və İnsan Hüquqları Komitəsinin rəhbəri, deputat Çingiz Qənizadə isə Trend-ə açıqlamasında diqqəti bir neçə vacib məsələyə çəkdi.
"Bəzi hüquq-müdafiə təşkilatlarının Böyük Britaniya rəsmilərinin bəyanatlarına, məhkəmələrin çıxardığı qərarlara münasibəti anlaşılmazdır. Bizdə birini fərariliyə görə məhkum edirlər, müxalifət, QHT-lər, xarici təşkilatlar dərhal onun müdafiəsinə qalxır və bəyan edirlər ki, bu adam sosial şəbəkələrdə fəallığına görə həbs edilib. Ancaq Britaniyada sosial şəbəkələrdə fəallığa görə həbs olunan şəxslərin məhkum edilməsinə isə münasibət bildirilmir. Digər tərəfdən, bizim rəsmilər məhdudlaşdırma ilə bağlı fikir səsləndirsəydilər, nə olacağını təsəvvürə gətirmək bir o qədər də çətin deyil. O dəqiqə "Freedom House", "Human Rights Watch", "Sərhədsiz reportyorlar" və digər təşkilatlar Azərbaycan hakimiyyətinə qarşı kəskin bəyanatlar verəcəkdilər. Elə Britaniya təşkilatı olan "Article XlX" hamıdan qabaqda olacaqdı. Bu da ikili standartların bir nümunəsidir. Həmçinin, mənim üçün maraqlıdır ki, "Freedom House" təşkilatının bu məsələyə münasibəti necə olacaq. Bu təşkilat dəfələrlə öz hesabatlarında Azərbaycanla bağlı reallığı, faktları təhrif edib, qərəzli mülahizələr irəli sürüb. "Freedom House"nin rəhbəri cənab Devid Kramer pafoslu siyasi bəyanatları çox sevir. Yəqin ki, indi o, Dövlət Departamentində və ya Corc Sorosun qəbulunda instruktajdadır" deputat deyib.