...

İlham Əliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 13 Sentyabr 2011 13:17 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Qobustan rayonuna səfəri çərçivəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışında iştirak edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Qobustan rayonuna səfəri çərçivəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışında iştirak edib.

Trend-in məlumatına görə, dövlətimizin başçısına məlumat verildi ki, 38 hektar ərazidə inşa olunan mərkəz külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilib. Bu isə ölkədə alternativ enerjinin hər üç yolla əldə edilməsi istiqamətində görülən işlərin real nümunəsidir.

Prezident İlham Əliyev mərkəzin fəaliyyətini əks etdirən stendlə tanış oldu. Bildirildi ki, poliqon ərazisində hər birinin gücü 0,9 meqavata çatan üç külək turbini, 1,8 meqavat gücündə günəş enerjisi stansiyası və 1 meqavat gücündə bioenerji qurğusu yaradılıb. Burada, eyni zamanda, tənzimləyici qurğu, su anbarı, sınaq meydanı, emalatxana fəaliyyət göstərir. Ərazidə yaradılan xüsusi avtodayanacaqda isə elektrik enerjisi ilə işləyən avtomobillərin akkumulyatorlarını cərəyanla doldurmaq mümkündür. Bir necə dəqiqə ərzində enerji ilə təchiz edilən avtomobil 250 kilometr məsafə qət edə bilər.

Sonra dövlətimizin başçısı idarəetmə mərkəzi ilə tanış oldu. Məlumat verildi ki, burada yaradılan laboratoriyada mərkəzdə istifadə olunan qurğuları yoxlamaq və eksperimentlər aparmaq mümkündür. İki tədris otağında təlim və tədris kurslarının təşkili nəzərdə tutulmuşdur. Poliqonda və mərkəzdə texnoloji proses dispetçer məntəqəsindən idarə olunur. Ümumilikdə agentlik tərəfindən ölkə ərazisində 21 ölçü-müşahidə stansiyasının tikilməsi nəzərdə tutulmuşdur ki, bunun birincisi Qobustandakı mərkəzdə yaradılmışdır.
Prezident İlham Əliyev mərkəzi işə saldı.

Dövlətimizin başçısı günəş enerjisinin əldə olunması üçün ayrıca sahədə yerləşən panelləri müşahidə etdi, mərkəzin sınaq-təcrübə sahəsi ilə tanış oldu. Azərbaycan Prezidenti mərkəzdə istifadə olunan qurğular, o cümlədən ölkəmizdə istehsalı nəzərdə tutulan foto-elektron panellərin nümunələrinə baxdı, ərazidə yaradılan təcrübə istixanasının fəaliyyəti ilə tanış oldu. Bildirildi ki, burada alternativ enerji ilə istənilən bitkini lazımı temperaturda yetişdirmək mümkündür. Mərkəzdəki 330 kubmetr tutumu olan soyuducu kamerada müsbət 5 dərəcədən mənfi 5 dərəcəyədək temperatur yaradıla bilər.

Poliqonun ərazisini gəzən Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, burada qurulan işıqlandırma sistemi və istixana alternativ enerji ilə işləyir. Ərazidə birmərtəbəli 10 yaşayış binası da inşa olunmuşdur ki, onların işıqlandırma sistemi günəş enerjisi ilə işləyir. Mərkəzin gücünün gələcəkdə 5,5 meqavata çatdırılması nəzərdə tutulub.

Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışından sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon sakini Qoşqar Qarayev Qobustana göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti